Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Canalys”: “Dünya kompüterlər bazarının həcmi sürətlə artır”


“Canalys” şirkəti qlobal fərdi kompüterlər bazarı üzrə statistika dərc edərək məsafədən iş və distant təhsil platformalarının inkişafı sayəsində texnikaya tələbatın sürətlə artmasını açıqlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, statistik məlumatlarda masaüstü sistem, portativ kompüter və işçi stansiyalarının tədarükü nəzərə alınıb. Cari ilin birinci rübünün yekunları üzrə belə qurğuların tədarük həcmi 82,7 milyon ədəd təşkil edib. Bu, tədarük həcminin 53,5 milyon ədədə bərabər olduğu 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 55 faiz çoxdur.

 

Analitiklər qeyd edir ki, nümayiş olunan nəticə son illərin maksimal göstəricisidir. Birinci rübdə daha çox tədarük 2012-ci ildə müşahidə edilib.

 

Noutbuk və mobil işçi stansiyaların rüblük tədarükü illik hesablamada 79 faiz artaraq 67,8 milyon ədədə çatıb. Eyni zamanda masaüstü sistemlərə tələbat 5 faiz azalaraq 14,8 milyon ədəd təşkil edib.

 

Dünya bazarının ən böyük oyunçusu 24,7 faiz paya sahib “Lenovo” şirkətidir. İkinci yerdə 23,3 faizlə “HP” şirkəti qərarlaşıb. Liderlər üçlüyünü 15,7 faizlə “Dell” şirkəti tamamlayıb.

 

“Apple” şirkəti dünya bazarının təxminən 8 faizinə nəzarət edir: şirkət aparıcı tədarükçülər siyahısında dördüncü mövqedə yer alıb. Sonrakı pillədə payı 6,9 faiz təşkil edən “Acer” şirkəti qərarlaşıb.

 

Nizam Nuriyev






14/04/21    Çap et