Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kazanın “İT-Park” - yüksək texnologiyalar parkı ilə tanışlıq


İyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyev Kazanda Tatarıstan Prezidenti Rustam Minnixanovun müşayiəti ilə “İT-Park” - yüksək texnologiyalar parkı ilə tanış olmuşdur.
Dövlətimizin başçısına Tatarıstanda müasir informasiya texnologiyalarının tətbiqi ilə yaradılmış ən böyük Məlumatların Emalı Mərkəzi barədə məlumat verildi. Bildirildi ki, 2009-cu ildən fəaliyyət göstərən “İT-Park” Rusiyada informasiya texnologiyaları sahəsində şirkətlərin inkişafı ilə məşğul olan ilk texnoparkdır.
Burada, həmçinin Tatarıstanın sənaye, o cümlədən neft-kimya potensialının, “Alabuqa” xüsusi iqtisadi zonasının, “Ximqrad” texnoparkının təqdimatı təşkil olundu. Perspektiv texnologiyaların işlənib hazırlanması və tətbiqi ilə məşğul olan qurumların nümayəndələri dövlətimizin başçısına təmsil etdikləri şirkətlərin fəaliyyəti və məhsulları barədə ətraflı məlumat verdilər. Texnoparkda Prezident İlham Əliyevə Tatarıstanın “elektron hökumət” sahəsindəki layihələri və qurumlararası vahid elektron sənəd mübadiləsi sisteminin imkanları nümayiş etdirildi.
Azərbaycan Prezidenti, həmçinin xəsarət alanların xilas edilməsinin əlaqələndirilməsi sistemi - “Qlonass+112”-nin işi ilə tanış oldu və “İT-Park”ın biznes-inkubatoruna da baxdı. Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, “İT-Park” biznes-inkubatoru informasiya texnologiyaları layihələrinin dəstəklənməsi və inkişafı, həmçinin onların gələcəkdə xarici bazara çıxarılması platformasıdır.
Prezident İlham Əliyev texnoparkdakı xatirə divarında ürək sözlərini yazdı.




25/06/11    Çap et