Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gözdən əlillər sərbəst kompyuterdən istifadə edəcək
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Türkiyənin “Braille Teknik San.Tic.Ltd” şirkəti və bu şirkətin Azərbaycan filialı ilk dəfə olaraq görmə qabiliyyətini itirmiş əlillər üçün nəzərdə tutulmuş xüsusi kompyuter texnologiyaları, digər avadanlıqlar səsli proqramların Azərbaycan mətinoxuyucuları və fiziki məhdudiyyətli insanların hərəkətlərinin sərbəstləşdirilməsi üçün nəzərdə tutulmuş standartlarının təqdimatını keçirdi.
“Braille Teknik” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Bəybala İbadullayev bildirdi ki, avadanlıq Amerika və Avropa şirkətləri tərəfindən istehsal olunub. Kompyuter texnologiyası səsli proqramlar vasitəsi ilə idarə olunur və türk, Azərbaycan dillərinə inteqrasiya olunub.
B.İbadullayevin sözlərinə görə, bu avadanlıq görmə üzrə əlil insanların həyatını dəyişməklə yanaşı, universal dizayn standartları, yəni müasir arxitektura ilə fiziki maneələrin aradan qaldırılmasını da təmin edəcək.
“Braille Teknik” şirkətinin təmsilçiləri Azərbaycanda görmə üzrə əlil insanlar üçün informasiya imkanlarının yaradılması 2005-ci ildən Azərbaycan Respublikasının millət vəkili, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın 1-ci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüslərinə əsasən həyata keçirilməyə başlanıldığını söylədi və qeyd etdi ki, bu günə qədər görmə üzrə əlil uşaqların 5 saylı internat məktəbində, Naxçıvan Muxtar Respublikasında və Gəncə şəhərində bütün avadanlıqlarla təchiz edilmiş mərkəzlər yaradılmış və digər bölgələrdə də belə mərkəzlərin açılması üçün fəaliyyət yüksək səviyyədə davam etdirilir.
Tədbirdə gözdən əlil insanların digər sağlam şəxslərdən asılılığını aradan qaldıra biləcək proqramlar və texnologiyalar haqqında məlumat verildi.
Çıxış edənlər onların həyatda azad və sərbəst yaşamaları üçün dövlətin və cəmiyyətin qarşılıqlı şəkildə dəstək verməsinin zəruri olduğunu bildirdilər.
“Braille Teknik” şirkəti Azərbaycanda ilk dəfə olaraq azərbaycanca “JAWS for WINDOWS” proqramının mətinoxuyucusunun iki versiyasını təqdim etdi və bu mətinoxuyucuların daha da təkmilləşdirilməsi istiqamətində işlərin davam etdiyini bildirdi.
Qeyd edək ki, “Braille Teknik” şirkəti dünyada görmə üzrə əlil insanların istifadə etdikləri ən son texnologiyalara daxil olan “PEARL” kamera skayner və “FOX Braille” displeylərini nümayiş etdirərək bu texnologiyalar və səsli proqramlar vasitəsi ilə görmə problemli insanların informasiya almasını təmin edir.
Eyni zamanda, bu qəbildən olan insanların kitabxana, internet, ixtisasartırma, məşğulluq, təhsil məsələlərinin daha rahat həll olunmasına imkan yaradır.
23/12/11 Çap et