“Juniper Research” analitik şirkəti 2021-ci ildə elektron ticarətdə fırıldaqçılıqla bağlı itkilərin 20 milyard dolları ötəcəyini proqnozlaşdırır. Ötən il onların 17,5 milyard dollar təşkil etməsi nəzərə alınmaqla proqnoz 18 faizlik artıma uyğundur.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, tədqiqata görə, fırıldaqçılar elektron ticarətə və təhlükəsizlik məsələlərinə lazımınca diqqət yetirməyən satıcılara ən çox müraciət edən istehlakçıları hədəfə alıblar.
Fırıldaqçılığın qarşısını almaq üçün üsullardan biri davranış biometriyasının analizi sayəsində bütün potensial həssas istiqamətlərdə təhlükəsizliyi artırmağa imkan verəcək süni intellektdən istifadə qeyd edilir. Bununla yanaşı, analitiklər vurğulayır ki, təhlükəsizliyin artırılması istehlakçılar üçün çətinliklər yaratmamalıdır.
Tədqiqatçılar əmindir ki, elektron ticarətdə fırıldaqçılıqdan itkilərə görə lider Çin olacaq. 2025-ci ildə bütün dünyada elektron ticarətdə fırıldaqçılıqdan itkilərin 40 faizi və ya 12 milyard dolları bu ölkənin payına düşəcək.
Nizam Nuriyev