2020-ci il uğurlu kiberhücumların, eləcə də fırıldaqçı proqramlardan istifadə ilə bağlı insidentlərin sayına görə rekord il olub. "CyberEdge" şirkətinin yeni illik hesabatına görə, 2020-ci ildə təşkilatlaırn 86 faizi kiberhücumlara məruz qalıb. Bir il əvvəl bu göstərici 81 faiz təşkil edib.
"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, təşkilatların 69 faizi fırıldaqçı proqram təminatının iştirakı ilə həyata keçirilən uğurlu hücumların qurbanına çevrilib. Bununla yanaşı, zərərçəkənlərin 57 faizi pul ödəyib, lakin onların təxminən yarısı (28 faiz) məlumatları bərpa edə bilməyib. Ötən ilin daha bir rekordu İT işçi heyətinin çatışmazlığı olub – bunu təşkilatların 87 faizi yaşayıb. 2019-cu ildə bu göstərici 85 faiz təşkil edib.
Hesabata görə, "bulud" mühafizə həllərindən istifadə il ərzində 36 faizdən 41 faizədək artıb. Kibertəhlükəsizliyin təmini üçün büdcə də orta hesabla 4 faiz artıb, lakin mühafizəyə daha çox vəsait sərf etməyə hazır olan təşkilatların sayı son bir neçə ildə ilk dəfə azalıb.
2021-ci ildə ən çox tələb olunan mühafizə texnologiyaları sırasına mütəxəssislər tərəfindən yeni nəsil şəbəkələrarası ekranlar, son nöqtə, mobil əlavə və məlumatların mühafizəsi üzrə həllər, eləcə də təhlükələrin aşkarlanması üzrə platformalar aid edilir. Bundan başqa, təşkilatlar getdikcə daha çox "SD-WAN" (82 faiz), "zero trust" (75 faiz) və "SASE" (74 faiz) modeli üzrə şəbəkə arxitekturaları kimi yeni texnologiyalardan istifadəyə keçirlər.
Nizam Nuriyev