Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan ilə İraq arasında İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkəmizdə rəsmi səfərdə olan İraqın xarici işlər naziri Hoşiar Zebarinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda həyata keçirilən işlər barədə geniş məlumat verilmiş, İKT sahəsində qarşılıqlı təcrübə mübadiləsi, investisiyaların cəlb edilməsi məsələləri müzakirə mövzusu olmuşdur.
Azərbaycan ilə İraq arasında münasibətlərdən danışan Əli Abbasov bildirmişdir ki, İraq ilə qurulan diplomatik münasibətlər bir çox sahələrdə, o cümlədən rabitə sahəsində əməkdaşlıq əlaqələrinin formalaşmasına şərait yaratmışdır.
Azərbaycan-İraq əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğu qeyd edilmiş, hazırda ticari, elmi, iqtisadi, texniki və mədəni sahələrdə qarşılıqlı əməkdaşlığın uğurla davam etdirildiyi diqqətə çatdırılmışdır.
Əli Abbasov perspektivdə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində də əlaqələrin genişləndirilməsinin məqsədəuyğun olduğunu söyləmişdir.
Hoşiar Zebari İraqın Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu bildirmiş, İraq şirkətlərinin ölkəmizdə bir çox sahələrə, o cümlədən İKT sektoruna investisiya yatırmaq imkanı olduğunu demişdir.
Sonda İKT sektorunda əlaqələrin inkişafı ilə bağlı bir sıra məsələlər müzakirə olunmuşdur.
24/12/11 Çap et