Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Daha bir rayon rabitəsi TAE xəttinə qoşuldu


“Trans Asia-Europa” (TAE) fiber-optik kabel magistralının Azərbaycan seqmenti genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Yardımlı rabitəsi də bu seqmentə qoşulub.

“Aztelekom” İB-nin baş direktorunun birinci müavini, texniki direktor Zahir Vəliyevin verdiyi məlumata görə, Yardımlı rabitəsi Nasall istiqamətində 56 kilometr məsafədə xətt çəkilməklə Bakı-Astara TAE xəttinə qoşulub.

”Bu layihənin həyata keçirilməsi ilə ucqar rayonda müasir informasiya və kommunikasiya texnologiyalarının təmin edilməsi ilə yanaşı, “Azərpoçt”MMC-nin bu rayonda maliyyə xidmətlərinin inkişafı layihəsinin uğurla həyata keçirilməsi təmin edildi ” .

Birlik tərəfindən Daşkəsən və Neftçala rabitəsinin də TAE xəttinə qoşulmasından sonra MDB ölkələri sırasında Azərbaycan birinci respublika olacaq ki, bütün rayon mərkəzləri TAE xəttinə qoşulmuş olsun.

Xatırladaq ki, TAE layihənin reallaşdırılması üçün 1999-cu il oktyabrın 21-də Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli protokol imzalayıb. Elə həmin il dekabr ayının 1-də TAE fiber-optik kabelin Azərbaycan seqmentinin tikintisinə başlanılıb.

2001-ci ildə TAE-nin Azərbaycan seqmentinin quru hissəsinin tikintisi başa çatdırılıb və elə həmin il də Bakı ilə Tbilisi arasında rabitə kanalları TAE fiber-optik kabel magistralı üzərinə keçirilib.




24/12/11    Çap et