“Intel” şirkəti mikrosxem istehsalına yeni investisiyalar qoyaraq Nyu-Meksikoda zavodun modernləşdirilməsinə 3,5 milyard dollar sərf edəcək. Bu, ABŞ-da mikrosxem istehsalının genişləndirilməsi üzrə atılan daha bir addımdır.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, şirkətin baş direkroru Pet Gelsingerin sözlərinə görə, “Intel” ABŞ-da istehsalın genişləndirilməsi üçün federal maliyyələşmənin cəlb edilməsi ilə bağlı nəticələrdən məmnundur. O, həmçinin bildirib ki, şirkət öz səhmlərini almaq əvəzinə, zavodlara əvvəllər olduğundan daha çox vəsait yatırmağı planlaşdırır.
“Intel” uzun illər ərzində mikrosxem istehsalı üzrə lider olsa da, son bir neçə ildə birinciliyi “TSMC” şirkətinə verib. Yeni investisiyalar onun bazarda liderliyini bərpa etmək məqsədi daşıyır. Bundan başqa, ABŞ Asiyada mikrosxem istehsalından asılılığı zəiflətməyə çalışır və yerli yarımkeçirici zavodların inkişafını dəstəkləyir.
3,5 milyard dollar məbləğində yeni investisiyalar raundu ABŞ-da istehsalın genişləndirilməsi üzrə əlverişli ideyadır. Bir müddət əvvəl “Intel” Arizonada iki zavoda 20 milyard dollar yatırıb. Şirkət xaricdə də istehsalını genişləndirməklə İsraildə zavoda 10 milyard dollar, İrlandiyada müəssisəyə isə daha 4 milyard dollar xərcləyəcək.
Nizam Nuriyev