Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Seymur Krey - “superkompyuterin atası”
Seymur Krey həyatını superkompyuterlerin hazırlanmasına həsr edib. Təsadüfi deyil ki, onu “superkompyuterlərin atası” adlandırırlar. Bu utancaq və ünsiyyətə meyilli olmayan peşəkar kompyuter tarixində yeni mərhələnin əsasını qoyub.
S.Kreyin istedadının başlıca üstün xüsusiyyəti o idi ki, o, dar ixtisaslaşmanın tərəfdarı deyildi. Kompyuterin bütün elementləri ilə iş səbr tələb edirdi və Krey bu səbri göstərdi.
O hesab edirdi ki, nə qədər az insan kompyuterin hazırlanmasında iştirak edərsə, layihə daha çox uğurlu olar. Seymur Krey 1925-ci il, sentyabr ayının 28-də Viskonsin ştatının Çippeva Fols şəhərində mühəndis ailəsində anadan olub.
Orta məktəbdə oxuyarkən kimya və radiotexnika ilə maraqlanırdı. Hərbi xidmətdən qayıtdıqdan sonra Minnesota Universitetinə daxil olur. 1950-ci ildə bakalavr pilləsi üzrə təhsilini tamamlayan S.Krey 1 il tətbiqi riyaziyyat mühazirələrində iştirak edir və 1951-ci ildə magistr dərəcəsinə yiyələnir.
Krey San-Pauloda yerləşən planer istehsalı ilə məşğul olan fabrikdə işə düzəlir. Krey sonralar həmin dövrü belə təsvir edir: “O zaman Birləşmiş Ştatlarda universal kompyuterlərin yaradılmasını hədəf seçən iki qrup mövcud idi.
Presper Ekkert və Con Mauçlinin rəhbərlik etdiyi bir qrup şərq sahilində yerləşirdi. Onlar “UNİVAC” (universal avtomat kompyuter) düzəldirdilər. İkinci qrup(Engineering Research Associates) isə San Pauloda idi.
Bu qrupa Con Parker və Bil Norris rəhbərlik edirdi. Qrup Hərbi Dəniz İdarəsi vasitəsilə tədqiqat işi aparırdı. Bu, mənə daha yaxşı variant kimi göründü və buna getdim”. S.Krey burada 1950-ci ildən 1957-ci ilədək işləyir.
Həmin illərdə o, ilk tədqiqat kompyuteri olan “ERA 1101” və “UNİVAC 1103” kompyuter layihəsini hazırlayıb. Bu şirkət tədqiqat layihələri deyil, kompyuterlərin satışının artmasında maraqlı idi.
Bu səbəbdən Krey şirkəti tərk edir. Bill Norrislə birgə “Control Data Corp.” (CDC) kompaniyasının əsasını qoyur. Yeni şirkətin hazırladığı ilk məhsul “CDC 1604” modeli olur. “CDC 1604” modeli 100 min diod və 25 min tranzistora malik idi.
İlk maşındır ki, elektron lampalar yerinə qermatik tranzistorlarla hazırlanmışdı.1958-ci ildə istehsal olunan yüksək dəqiqliklə hazırlanmış və yüksək sürətli model böyük müvəffəqiyyət qazandı. Kreyin reputasiyası sürətlə artırdı. Lakin o, çoxsaylı inzibati işlərdən yorulmuşdu.
O, dünyada ən sürətli kompyuteri hazırlamaq üçün dinclik və sakitlik istəyirdi. Bil Norris Kreyi şirkətdə saxlamaq üçün 40 akr ərazidə laboratoriya tikdirdi. Krey ildə iki dəfə və yalnız onun dəvəti ilə baş çəkməyə icazə verərək tərki-dünya oldu.
O, bir neçə aydan bir “CDC”-nin Minnepolidə yerləşən qərargahına baş çəkirdi. Bəzən müdiriyyət Kreyanı dinləmək üçün Çippeva Folsa gəlirdi. Onlar nahar vaxtı toplanırdılar, Krey əksər hallarda tez nahar edib üzr istəyərək tezliklə işinə qayıdırdı.
O, yalnız karandaş və kağızdan istifadə edərək öz kompyuterlərini hazırlayırdı. Hər gün 8,5×11ölçüdə kağız üzərində düymlər yazırdı. 1962-ci ilin 22 avqustunda “Control Data” şirkəti “CDC 6600” modelini təqdim etdi.
Bu, o zamanın ən güclü kompyuteri idi və “CDC”-ni sənayenin lideri etdi. Bu “İBM” şirkətinin istehsal etdiyi “Stretch” kompyuterindən 3 dəfə güclü idi. “CDC 6600” kompyuterində 10 periferiya prosessoru ilə birgə çoxsaylı hesab-məntiqi qurğular maşının məhsuldarlığını saniyədə 3 milyon əməliyyatla təmin etdi.
Bu maşın inkişaf etmiş proqram təminatına malik idi, əsas elementi “SİRPOS”(Simultaneous Porcessing Operating System) oldu.
“CDC 6600” sıx qablaşdırılmış komponentlərin qızdırılmasının qarşısının alınması üçün soyumanın freon sistemiylə təchiz edilmiş ilk kompyuter idi. Bu kompyuterlərin ilk alıcısı Atom Enerjisi Komissiyası və Hidrometereologiya Bürosu oldu. Krey 1969-cu ildə ilk superkompyuter hesab edilən 7600 modelini yaratdı.
Daha sonra isə 8600 modelini təqdim etdi. Bu zaman “CDC” elmi kompyuterlərə və superkompyuterlərə kiçik status verərək geniş ticarət layihələrinə keçdi. Krey bu səbəbdən yeni “Cray Research” firmasının əsasını qoyur.
Seymur Krey çıxışlarında bunu şərh edərək bildirib: “Biz maşınlar üzərində işləməyə davam edirdik. Onların yaddaşını artırdıq, şirkət genişlənirdi. Amma budur, o, çox böyük oldu və yenə mən yeni başlanğıc üçün getməliyəm.
Beləliklə, mən “Cray Research” firmasının əsasını qoydum. Mən əvvəldən başlamağı sevirəm və daim bunu edirəm”. 1976-cı ilin martında “Cray Research” firması “Cray-1” adlandırılan unikal superkompyuterini istehsal etdi.
Bu superkompyuterdə paralel emal ideyaları onun bütün arxitekturasına tabe edilmişdi. “Cray-1”-in digər xüsusiyyəti onun fasiləsiz konveyer üçün vektor əməliyyatları seriyasından zənciri təşkil etmək qabiliyyəti oldu.
1978-ci ildə “Cray Research” “Cray-2” modelini yaratmaq qərarını elan edir. Bu, “Cray-1” modelindən 400 dəfə məhsuldar olmalı idi. “Cray-2”-nin ilk nümunəsi 1985-ci ildə Livermor Milli Laboratoriyasında qurulmuşdu.
“Cray-2” dörd paralel işləyən prosessorla və taktın (4,1) kiçik uzunluğuyla yaddaşın (256 milyon söz) böyük həcminə malik idi. “UNIX ƏS” əsasında əməliyyat sistemiylə təchiz edilmişdi.
1981-ci ilin noyabrında Krey Direktorlar Şurasının üzvü olaraq qalmaqla rəhbərliyi Con Rollvalenə verdi. O, özünü sevimli işinə - daha sürətli kompyuterlərin yaradılmasına həsr etdi.
1989-cu ildə “Cray Research” firmasını bağlayaraq “Cray Computer Corporation” müəssisəsini açdı. Seymur Krey 90-cı illərin əvvəllərində “Cray-3” və “Cray-4” superkompyuterlərini təqdim etdi.
Amma “Cray Computer Corp.” iki il ərzində bir kompyuter belə sata bilmədi, hətta Livermor Milli Laboratoriya bu kompyuteri almaqdan imtina etdi. 1995-ci ildə “Cray Computer Corp.” müflis olduğunu bəyan etdi.
Bu uğursuzluq Seymur Kreyi sındırmadı və 1996-cı ildə o, dördüncü şirkətini yaradır – “SRC Computer İnc.” (şirkətin adı Krey Rocer Seymur adının ilk hərflərindən təşkil edilib). Bu şirkətin planları, əvvəlkilər kimi dünyada ən sürətli kompyuterin yaradılması idi.
Amma çox keçmədən - 1996-cı il, sentyabr ayının 22-də Seymur Krey avtomobil qəzasına düşür, boyun və başının çoxsaylı zədələrindən 5 oktyabrda vəfat edir. Krey superkompyuterlər haqda arzularını tam gerçəkləşdirə bilməsə də, hazırda onun işləri mütəxəssislər tərəfindən yüksək peşəkarlıqla davam etdirilir.
24/12/11 Çap et