Çinin “Honor” şirkəti ucuz “Honor Tab X7” planşet kompüterini təqdim edib. Yeni qurğu ön panelin 80 faizini əhatə edən 1280 х 800 pikselli 8 düymlük “IPS” ekranla təchiz edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, aparat platformasının əsasını “MediaTek MT8768T” birkristallı sistemi təşkil edir. Operativ və quraşdırılmış yaddaş tutumu müvafiq olaraq 3 və 32 giqabayta bərabərdir. Qurğunun “Wi-Fi” versiyası 140 dollar dəyərində qiymətləndirilib. “LTE” modemi ilə təchiz edilən variantın qiyməti 185 dollardır. Lakin yaddaş tutumuna görə onlar fərqlənmir.
“Honor Tab X7” planşeti “Magic UI 4.0” interfeysi, 2 meqapikselli ön və 5 meqapikselli əsas kamera, eləcə də videoya baxılma zamanı 10 saatlıq avtonomluğa malik 5100 milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub.
Nizam Nuriyev