Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Gartner”: “Bu il informasiya təhlükəsizliyi sahəsində xərclər 150 milyard dolları ötəcək”


“Gartner” şirkəti dünya informasiya təhlükəsizliyi və risklərin idarə olunması vasitələri bazarı üzrə proqnoz açıqlayıb. Analitiklərin fikrincə, bu il müvafiq bazarın artım tempi yüksələcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, 2020-ci ildə qeyd olunan sahədə xərclər təxminən 133,8 milyard dollar təşkil edib. Bu, əvvəlki illə müqayisədə 6,4 faiz çoxdur. Sahənin ən böyük seqmenti kibertəhlükəsizlik sahəsində xidmətlərdir – onların payı 65,1 milyard dollar olub. Daha 20,5 milyard dollar infrastrukturun mühafizəsi üçün həllərin payına düşüb. İnformasiya təhlükəsizliyini təmin edən şəbəkə avadanlığının payı 15,6 milyard dollar təşkil edib.

 

Ekspertlərin proqnozuna görə, 2021-ci ildə xərclərin qlobal miqyasda 12,4 faiz artması nəticəsində sahənin həcmi pul ifadəsində 150,4 milyard dollar təşkil edəcək.

 

Kibertəhlükəsizlik sahəsində servislər xərclərin ən böyük dərəcəsi olaraq qalacaq: onlar 72,5 milyard dollar qazanc gətirəcək. İnfrastrukturun mühafizəsi seqmentində xərclər 23,9 milyard dollar olacaq. Şəbəkə avadanlığının payı 17,0 milyard dollar təşkil edəcək.

 

Analitiklərin sözlərinə görə, maşın öyrənmə və süni intellekt texnologiyalarından istifadə edən təhlükəsizliyin təmini sistemlərinin inkişafı davam edəcək. Şirkətlər distant iş və təhsil platformalarının inkişafı fonunda mühafizə alətlərinin genişləndirilməsinə vəsaitlər yatıracaqlar.

 

Nizam Nuriyev






19/05/21    Çap et