“Huawei” şirkəti və “Leica” kamera istehsalçısı arasında kontraktın müddəti başa çatıb. Bu barədə populyar “Teme” blogerinin “Twitter” hesabında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, məlumata görə, “Huawei P50” Çin şirkətinin “Leica” ilə birlikdə buraxacağı sonuncu qabaqcıl smartfon olacaq. İki korporasiya arasında kontraktın müddəti başa çatır və “Leica” onu uzatmaq niyyətində deyil. “Huawei” şirkətinin vacib tərəfdaşı itirməsinə səbəb kimi smartfonların istehsal tempinin azalması göstərilir ki, bu da Almaniya şirkəti üçün kritik hesab olunur.
Blogerin fikrincə, “Leica” kamera buraxılışı üçün yeni smartfon istehsalçısı axtarışına çıxacaq. “Huawei”dən ayrılaraq müstəqil fəaliyyətə başlayan “Honor”, eləcə də “Xiaomi”, “Sharp” kimi şirkətlər nəzərdən keçirilir.
Qeyd olunur ki, iki korporasiyanın əməkdaşlığı elə şərtlər əsasında qurulub ki, “Leica” paralel olaraq bir neçə şirkətlə fəaliyyət göstərə bilər. Bu halda iki tərəf arasında əməkdaşlığın davam edəcəyi gözlənilir. Bloger nümunə kimi eyni anda “Sony”, “Vivo” və “HMD Nokia” şirkətləri ilə əməkdaşlıq edən “Carl Zeiss” optika istehsalçısını göstərib.
Qabaqcıl “Huawei P50” smartfonunun nümayişi may-iyunda olacaq. Qurğunun texniki xüsusiyyətləri açıqlanmır. Seriyanın aktual qurğusu – “P40” smartfonu 2020-ci ilin aprelində təqdim edilib.
Nizam Nuriyev