Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HP Victus 16” oyun noutbuku təqdim olunub


"HP" şirkəti "Victus" adlı yeni məhsullar seriyasını istifadəyə verib. Seriyanın ilk qurğusu 16,1 düymlük "Victus 16" noutbukudur. Yeni qurğu onbirinci nəsil "Intel Core" prosessoru üzərində qurulub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, noutbuk yeni dizayn, rəqəmsal bloklu tamölçülü klaviatura, ölçüsü böyüdülmüş sensor, eləcə də əsas klaviatura bloku fonunda nəzərəçarpan əsas klavişlər səviyyəsindən bir qədər aşağıda yerləşən oxlar ilə seçilir. Bundan başqa, "Victus 16" bu yaxınlarda təqdim edilən "Omen" oyun noutbukları ilə müqayisədə daha nazik korpusda hazırlanıb.

 

Qurğunun texniki xüsusiyyətləri onun daha qənaətcil istifadəçilər üçün nəzərdə tutulduğundan xəbər verir. "Victus 16" noutbukunun əsasını "Tiger Lake-H45" nəslinə aid altınüvəli "Intel Core i5-11400H" prosessoru təşkil edir. Onun maksimal tezliyi avtomatik işləmə rejimində 4,5 giqahersə bərabərdir.

 

Qurğu 1920 × 1080 piksel təsvir ölçülü 16,1 düymlük ekranla təchiz edilib. Displey 250 kandel/kvadratmetr parlaqlığa malikdir və "NTSC" rəng məkanını 45 faiz əhatə edir.

 

Noutbukun internetə çıxış imkanlarını 1 giqabitlik "LAN" çıxışı, eləcə də "Wi-Fi 6" və "Bluetooth 5" simsiz standartlar dəstəyi təmin edir.

 

"HP Victus 16" iki "Bang & Olufsen" dinamikləri ilə təchiz olunub. Yeni qurğunun xarici interfeyslər dəstinə "DisplayPort 1.4" rejimini dəstəkləyən və enerjidoldurma funksiyalı bir "USB Type-C" çıxışı, bir "HDMI 2.1", eləcə də üç "USB Type-A" və 3,5 millimetrlik bir kombinə edilmiş audioçıxış daxildir. Həmçinin "microSD" yaddaş kartını dəstəkləyən çıxış mövcuddur. Noutbukun avtonom işləməsini 70 vatt-saatlıq batareya təmin edir.

 

Qara, ağ və mavi korpus rənglərində təklif ediləcək "HP Victus 16" noutbukunun iyundan etibarən 800 dollardan başlayan qiymətlə satışa çıxarılması nəzərdə tutulur.

 

Nizam Nuriyev






22/05/21    Çap et