“Xiaomi” şirkəti ABŞ məhkəməsinin qərarı ilə Çinin hərbi müəssisələr siyahısından çıxarılıb. Bu barədə şirkətin bəyanatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, mayın 25-də ABŞ məhkəməsi Pentaqon tərəfindən “Xiaomi” şirkətinin Çinin hərbi müəssisələrinin “qara siyahı”sına daxil edilməsi ilə bağlı qərarı ləğv edib. Bu isə o deməkdir ki, ABŞ səhmdarları şirkətin səhmlərini sərbəst şəkildə əldə edə bilərlər. “Kolumbiya Dairə Məhkəməsi yekun qərar çıxararaq ABŞ Müdafiə Nazirliyinin “Xiaomi” korporasiyasının Çinin hərbi şirkətlər siyahısına daxil edilməsini qeyri-qanuni sayıb”, – “Xiaomi” şirkətinin məlumatında qeyd olunur.
Çin korporasiyasının bəyanatında, həmçinin vurğulanır ki, “Xiaomi” bütün dünyada insanların həyatını dəyişməyə kömək edəcək məhsulların hazırlanmasını davam etdirəcək.
ABŞ-ın “Xiaomi” şirkətinə investisiya qoyuluşuna tətbiq edilən qadağanı ləğv etməsi ilə bağlı qərar qəbul etməsi haqqında məlumatlar mayın ortalarında yayılmağa başlayıb. “Xiaomi” Çin hərbiçiləri ilə əlaqədə şübhəli bilinən və ABŞ-ın milli təhlükəsizliyinə təhdid yarada biləcək şirkətlərin “qara siyahı”sına bu ilin əvvəlində daxil edilib. Bundan başqa, müvafiq siyahıya Çinin Kommersiya Aviasiyası Korporasiyası (COMAC) əlavə olunub.
Nizam Nuriyev