28 May – Respublika Günü ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi YAP ərazi ilk partiya təşkilatı videokonfrans keçirib.
Tədbirdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının tarixi məqamları və bu hadisənin əhəmiyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, cümhuriyyətin mövçud olduğu 23 ay ərzində ölkə həyatının müxtəlif sahələri ilə yanaşı, nəqliyyat, yollar və rabitə sahələrinə də ciddi önəm verilib. Həmin müddətdə fəaliyyət göstərmiş 5 hökumətin tərkibində bu sahələrə aid nazirliklər mövcud olmuş, eyni zamanda rabitə sahəsinin inkişafı ilə əlaqədar müvafiq qərarlar qəbul edilmişdir. Bu amil adı çəkilən sahələrin ölkənin müstəqilliyinin qorunmasında nə qədər vacib olduğunun bariz nümunəsidir.
Daha sonra nazirliyin Aparat rəhbərinin müavini Asif İsmayılov əlamətdar bayram münasibəti ilə təbriklərini çatdırıb, dövlət müstəqilliyinin əhəmiyyətindən danışıb. O vurğulayıb ki, bu gün müstəqil Azərbaycanın inkişafına töhfələrimiz öz gündəlik işimizlə, göstərdiyimiz fəaliyyətlə olmalıdır.
Tədbirdə daha sonra nazirliyin Rabitə sahəsinin tənzimləmə şöbəsinin müdiri Əlyar Təmirov çıxış edib. O, bu əlamətdar hadisənin xalqımız tərəfindən həmişə yad ediləcəyini qeyd edib.
Sonda nazir müavini Elmir Vəlizadə bildirib ki, müstəqil dövlətçiliyimizin bərpa olunmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Bu gün də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, uzaqgörənliyi, apardığı siyasət müstəqil dövlətimizin daha da qüdrətlənməsinə, torpaqlarımızın işğaldan azad olunmasına və azad olunmuş torpaqlara böyük qayıdış prosesinə rəvac vermişdir. Bu istiqamətdə görülən işlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır.
Bu il Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyinin qeyd ediləcəyini diqqətə çatdıran nazir müavini bildirib ki, hazırda rabitəçilərin qarşısında duran ən vacıb vəzifə, ölkə Prezidentinin işğaldan azad olunmuş torpaqlara böyük qayıdış iştiqamətində apardığı fəaliyyətdə daha məsuliyyətlə və yaxından iştirak etməkdən ibarətdir.