Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Tiger Lake-U Intel” prosessorları və noutbuklar üçün “5G” modemi nümayiş olunub


“Intel” korporasiyası “Tiger Lake-U” seriyalı ən məhsuldar prosessorları rəsmən təqdim edib. Təqdimat mayın 31-də işə başlayan “Computex 2021” rəqəmli sərgisi çərçivəsində baş tutub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews.” resursuna istinadən yazır ki, nümayiş olunan “Core i7-1195G7” və “Core i5-1155G7” çiplərinin tərkibinə eyni anda səkkiz təlimat axını emalı imkanına malik dörd hesablama nüvəsi daxildir.

 

Prosessorların tərkibində, həmçinin “Intel Iris Xe” qrafik sürətləndiricisi yer alıb. Bundan başqa, “DDR4-3200” və “LPDDR4x-4266” operativ yaddaşı ilə iş dəstəklənir.

 

“Core i7-1195G7” çipi 2,9 giqahers takt tezliyində işləməklə 5 giqahersədək artırılma imkanına malikdir. “Core i5-1155G7” prosessorunda bu göstəricilər müvafiq olaraq 2,5 və 4,5 giqahers təşkil edir. Qrafik altsisteminin tezliyi 1,4 və 1,35 giqahersə bərabərdir.

 

Qeyd olunur ki, bu ilin sonunadək yeni prosessorlar 60-dan çox qurğuya, məsələn, “Acer”, “ASUS”, “Lenovo” və “MSI” noutbuklarına quraşdırılacaq.

 

Bundan başqa, təqdimat çərçivəsində “Intel” şirkəti “MediaTek” istehsalçısı ilə birlikdə ərsəyə gətirilən “М.2” kartı formatında hazırlanmış “5G Solution 5000” modemini nümayiş etdirib. Qurğu 6 giqahersdən aşağı tezlik diapazonunda işləyən qlobal “5G NR” mobil rabitə şəbəkələri ilə uyğundur.

 

Məlumatların abunəçi tərəfinə ötürülmə sürəti 4,7 Qbit/saniyə, əks tərəfə isə 1,25 Qbit/saniyə təşkil edir. Həmçinin “4G LTE” və “3G WCDMA” şəbəkələri ilə uyğunluq nəzərdə tutulub. Bundan əlavə, “eSIM” texnologiyası dəstəyi tətbiq edilib.

 

Nizam Nuriyev






01/06/21    Çap et