"Apple" və "Samsung" şirkətləri smartfonlar üçün komponent hissələrin tədarükündə yubanmalarla rastlaşa bilərlər. Buna səbəb kimi onların Vyetnam tərəfdaşlarının ölkədə növbəti koronavirus xəstəliyinin yayılması fonunda istehsalı azaltması göstərilir.
"ICTnews" Elektron Xəbər Xidməti "Digger" resursuna istinadən yazır ki, virusun sürətlə yayılması Vyetnamın şimalında yerləşən sənaye əyalətlərindəki zavodlara təsir göstərib. Bu regionlar "Apple" və "Samsung" şirkətlərinin smartfonlar üçün müxtəlif komponentlərlə təchiz edilməsinə görə məsuliyyət daşıyır. Ölkədə tətbiq edilən komendant saatı da təchizat zəncirinə təsir edib.
"Apple" tədarükçülərindən birində çalışan mənbənin məlumatına görə, şirkət gələcəkdə komponentlərin tədarükündə gecikmələrin yaranmaması üçün işçi heyətini iki növbəyə bölüb. "Samsung" şirkətinin zavodlarında da istehsal azalıb. Maraqlıdır ki, "Samsung" smartfon və planşetlərinin istehsalının yarısı Vyetnamın payına düşür.
Nizam Nuriyev