Çinin Sənaye və İnformasiyalaşdırma Nazirliyinin saytında istifadəçilərin maraq və hüquqlarını pozan proqramlarla bağlı məlumat dərc edilib. Onların sırasına populyar “Microsoft” ofis proqramları da daxildir.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, hesabata görə, istifadəçilər haqqında fərdi məlumatları toplayan, işə mane olan, istifadəçilərin fəaliyyətinə müdaxilə edən və ya onlarda çaşqınlıq yaradan 83 proqram zərərli funksiya ilə təchiz edilib.
Bu proqramlar arasında “Microsoft Excel”, “Microsoft Word”, “Microsoft PowerPoint” kimi proqramlar və Çinin əksər yerli populyar işləmələri yer alıb. Qeyd olunur ki, “Microsoft” proqram təminatı bu və ya digər icazələrin alınması üçün məcburi, tez-tez və çoxlu sorğular göndərir.
Bildirilir ki, bu yaxınlarda nazirlik tərəfindən istifadəçi hüquqlarını potensial pozan populyar proqramların yoxlanılması üçün kənardan xüsusi agentlik cəlb edilib. Söhbət təkcə ofis proqramlarında deyil, təhsil, səyahətlərin təşkili, iş axtarışı və digər vəzifələrin həlli üçün vasitələrdən gedir.
Nazirliyin məlumatına görə, qeyd olunan proqramlarda aşkarlanan çatışmazlıqlar iyunun 16-dək aradan qaldırılmalıdır. Əks halda onlara qarşı qanunvericiliyə uyğun məhdudlaşdırıcı tədbirlərin görülməsi nəzərdə tutulur.
Nizam Nuriyev