Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiya və Finlandiya birlikdə “6G” mobil rabitə texnologiyaları hazırlayacaq


Yaponiya və Finlandiyanın sənaye qrupları altıncı nəsil mobil rabitə texnologiyalarının (6G) birgə tədqiqi və hazırlanması ilə məşğul olacaqlar. Bunun hazırda Çin şirkətlərinin dominantlıq etdiyi elektronika bazarı seqmenti üçün yeni standartlar yaratmağa kömək edəcəyi gözlənilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, müvafiq sazişin imzalanmasında Yaponiyanın “Beyond 5G Promotion Consortium” və Finlandiyanın “Finnish group 6G Flagship” qrupları, eləcə də “Nokia” şirkəti iştirak edəcək. Saziş “Nikkei” nəşri və Yaponiya Daxili İşlər və Kommunikasiyalar Nazirliyi tərəfindən birgə təşkil edilən “Global Digital Summit 2021” tədbirində təqdim ediləcək.

 

“6G” şəbəkəsinin 2030-cu illərdə kommersiya tətbiqini planlaşdıran “Beyond 5G Promotion Consortium” qrupuna Tokio Universiteti və Yaponiyanın əsas telekommunikasiya şirkətləri, o cümlədən “Nippon Telegraph & Telephone”, “NTT Docomo”, “KDDI”, “SoftBank Corp.” və “Rakuten Mobile” daxildir. Finlandiyanın “6G Flagship” qrupuna Oulu Universiteti rəhbərlik edir. ABŞ tərəfdən Yaponiya ilə “Cisco” və “Intel” şirkətləri əməkdaşlıq etmək niyyətindədir.

 

Nizam Nuriyev






09/06/21    Çap et