"Midea" şirkəti "Huawei" korporasiyasının "HarmonyOS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən ilk soyuducu təqdim edib.
"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, "ağıllı" ev" üçün nəzərdə tutulan soyuducu müvafiq funksiyalar təklif edir. Soyuducu istifadəçiləri istənilən vaxt daxildəki yeməklərin təzəliyi barədə məlumatlandırır. Bundan başqa, istifadəçilər seçim üçün çoxlu resept əldə edə bilərlər. Hətta soyuducuda qalan inqredientlər əsasında yemək seçmək mümkündür.
"Midea" "ağıllı" soyuducusu sıfır temperaturlu xüsusi sahəyə malikdir ki, bu da istifadəçilər üçün hazırlanmadan əvvəl ət məhsullarının donunu açmaq zərurətini aradan qaldırır.
"HarmonyOS" sistemli ilk soyuducunun ümumi tutumu 603 litr təşkil edir. Bunun 382 litri müxtəlif soyutma bölmələrindən ibarətdir. Dondurucu kameranın tutumu isə 194 litrə bərabərdir. Bundan əlavə, qurğu yüksək enerji səmərəliliyinə malikdir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, satış sonrası keyfiyyətli xidmət göstəriləcək.
Soyuducunun "Huawei" mağazasında başlanğıc qiyməti 1100 dollar təşkil edir.
Nizam Nuriyev