Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kibercinayətkarlıqdan ziyan Marsa uçuşla müqayisə edilib


Yaxın on ildə – 2031-ci ilədək kibercinayətkarlıqdan ziyan illik 256 milyard dollar səviyyəsinə çata bilər. Bu barədə "Cybersecurity Ventures" analitik şirkətinin proqnozunda deyilir. Gözləntilərə görə, cinayətkarlığın həcmi son illərdəki sürətlə artacaq.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta " resursuna istinadən yazır ki, bu rəqəmi Marsa uçuş proqramı və onun məskunlaşması ilə müqayisə etmək olar. "SpaceX" şirkətinin rəhbəri İlon Mask tərəfindən proqram üçün ilkin xərclər 6 milyard dollar dəyərində qiymətləndirilir ki, bu da 30 dəfədən çox azdır.

 

Məlumata görə, 2015-ci ildə hakerlərdən ziyan 325 milyon dollar, 2017-ci ildə 5 milyard dollar, 2018-ci ildə 8 milyard dollar, 2019-cu ildə 11,5 milyard dollar təşkil edib. Ekspertlərin qiymətləndirməsinə görə, bu il dünya iqtisadiyyatı 20 milyard dollarlıq itki ilə üzləşə bilər.

 

Hesablamalara həm hücuma məruz qalan şirkətlərin xərcləri, həm də sığorta ödənişlərinin artımı, kriminalistlərin fəaliyyəti və hücumlardan sonra sistemlərin bərpası daxildir. Ekspertlərin fikrincə, kibercinayətkarlıqla mübarizə səmərəsiz aparılır. Belə ki, bir ifşa edilən qruplaşmanı digəri əvəzləyir və cinayətlərin sayı artır.

 

Nizam Nuriyev






16/06/21    Çap et