Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“OnePlus” və “Oppo” şirkətləri birləşib


“OnePlus” smartfon istehsalçısı Çinin digər böyük brendi – “Oppo” ilə birləşib. “OnePlus” rəhbəri Pit Launun rəsmi forumda bildirdiyinə görə, şirkət müstəqil olaraq qalacaq, lakin “Oppo” ilə dərin inteqrasiya edəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, bu, faktiki olaraq iki şirkətin birləşməsi deməkdir. Beş ay əvvəl “OnePlus” və “Oppo” tədqiqatlar və işləmələr üzrə şöbələri birləşdirib. Bundan sonra isə onlar arasında komandalar və resurslar ümumi olacaq.

 

Əslində “OnePlus” şirkəti” Oppo” subbrendinə (əvvəllər Honor şirkətinin Huawei üçün olduğu kimi) çevrilir. Uzun illərdir sıx əməkdaşlıq edən şirkətlərin hər ikisi “Realme” və “Vivo” ilə birlikdə Çinin “BBK Electronics” holdinqinə daxildir. Bu səbəbdən söhbət daha çox qrup daxilində tərəfdaşlığın formalaşdırılmasından və resursların bölüşdürülməsindən gedir.

 

P.Lau əlavə edib ki, buna baxmayaraq “OnePlus” müstəqil fəaliyyətini davam etdirəcək. Şirkət öz məhsullarını və tədbirlərini qoruyacaq, eləcə də müştərilərlə birbaşa əlaqələri davam etdirəcək.

 

“OnePlus” şirkətini 2013-cü ildə Karl Peylə birlikdə təsis edən P.Lau bunadək “Oppo”da çalışıb. 2020-ci ilin mayında “OnePlus” rəhbəri vəzifəsini tutan iş adamı “Oppo” məhsulları üzrə direktor vəzifəsinə də təyin olunub. Həmin ilin sonunda K.Pey şirkəti tərk edərək “Nothing Technologies” adlı öz brendini yaradıb.

 

Nizam Nuriyev






22/06/21    Çap et