Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yanvarın ortalarında dekoderlərin qiyməti məlum olacaq


Azərbaycanda rəqəmsal yayıma keçid üçün “DVB-T” dekoderlərinin kütləvi satışa buraxılacağı tarix açıqlanıb. Bu barədə “Kür” zavodunun texniki direktoru Zaur Mikayılov bildirib: “Ötən il rəqəmsal yayıma keçidlə bağlı qərar qəbul ediləndə məhdud sayda – 500-ə yaxın belə dekoderlər 30-50 AZN məbləğində satıldı”.

Z. Mikayılovun sözlərinə görə, zavod rəhbərliyi Milli Televiziya və Radio Şurası və “B&B TV” ilə danışıqlar aparır: “Biz yanvarın ortalarında dekoderlərin qiyməti ilə bağlı razılığa gələcəyik.

Onu deyə bilərəm ki, yanvarın sonuna qədər “DVB-T” dekoderlərinin kütləvi satışa çıxarılmasını qərarlaşdırmışıq”.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası Azərbaycanda analoq yayımın dayandırılması və rəqəmsal yayıma keçidlə bağlı qərar verib. Şura sədri Nuşirəvan Məhərrəmli ötən ilin sonunda jurnalistlərə açıqlamasında rəqəmsal yayıma keçidlə bağlı əhalinin aztəminatlı təbəqəsi üçün dekoderlərin alınması barədə ölkə prezidentinə müraciət edib: “Müraciətin müsbət həlli gözlənilir.

Belə olacağı halda 120 min aztəminatlı insan rəqəmsal yayım üçün dekoderlərdən yararlanacaq. Əgər bu baş verərsə, yaxın 1-2 ay ərzində Azərbaycan ərazisində tam şəkildə rəqəmsal yayıma keçiləcək”.

Şura sədri onu da deyib ki, hazırda Azərbaycanın teleradio kanalları rəqəmsal yayıma keçməyə tam hazırdırlar: “Azərbaycan dövləti ölkə ərazisinin 85 faizini rəqəmsal yayıma keçirmək üçün hazırlanıb.

Dekabrın 22-dən Azərbaycan ərazisində bütün telekanallar məcburi surətdə rəqəmsal yayımla analoq yayımı paralel olaraq həyata keçirirlər.

Əsas məqsəd isə 2012-ci ildə ölkədə analoq yayımı dayandırmaqdır. Bununla bağlı beynəlxalq təcrübə də öyrənilib”.MTRŞ sədri onu da deyib ki, bu il Avropanın 20-dən çox ölkəsi də analoq yayımı dayandırıb.









05/01/12    Çap et