Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ucqar kəndlərdə müasir rabitə


“Xaçmazın Xraxoba və Uryanoba kəndlərinin sakinlərinə yüksək səviyyədə poçt xidməti göstərilir və bu barədə heç bir problem yoxdur ”.  Bu barədə İCTnews-ə Xaçmaz rayon Regional Poçt Filialının rəisi Ənvər Məhyəddinov bildirib. Hələ sovet vaxtından Xaçmaz Rabitə müəssisələri  tərəfindən kənd sakinlərinə yüksək səviyyədə rabitə xidməti göstərildiyini bildirən Ə.Məhyəddinov hazırda Dədəli kənd poçt şöbəsi tərəfindən bu kəndlərə xidmət göstərildiyini bildirdi. ”Rusiyadan göndərilən məktubların və bağlamaların ünvan sahiblərinə çatdırılmasında və ya Rusiyaya poçt göndərişlərinin göndərilməsində heç bir problem yoxdur”- deyə Ə.Məhyəddinov bildirdi.
“Adıçəkilən kəndlərin telefonlaşdırılması problem olaraq qalır. Belə ki, həmin kəndlərin sakinləri xarici ölkə vətəndaşı kimi Rusiya Federasiyasının vətəndaşlarıdır. Onların da pasportları ilə telefon çəkmək olmaz”- deyə məsələyə aydınlıq gətirən Xaçmaz TKQ-nın rəisi Səməd Səfərov kənd sakinlərinə mərkəzi stansiyası Xudatda yerləşən simsiz CDMA xidmətlərindən yararlanmalar təklif olunduğunu bildirdi.”Əgər problem həll olunsa, kəndlərin telefonlaşdırılması problem deyil”.
Xatırladaq ki, Xraxoba və Uryanoba kəndləri SSRİ dövründə - 1954-cü ildə qışlaq kimi istifadə olunması üçün Dağıstan Muxtar Respublikasına verilib və artıq ərazidən istifadə üçün icarə müddəti də bitib.
Qeyd edək ki, Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan sazişin iki ölkənin qanunvericilik orqanları tərəfindən ratifikasiya edildikdən sonra qanun qüvvəyə minəcək ki, bu da sözügedən kəndlərin sakinlərinin Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etməsinə şərait yaradacaq.




28/06/11    Çap et