Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“iPhone” – Stiv Cobsun 5 illik uğuru (VİDEO)
"Apple" şirkəti bu gün kiçik yubiley qeyd edir: düz 5 il əvvəl "MacWorld" sərgisində birinci nəsil "iPhone" təqdim edilib. "Apple" şirkətinin rəhbəri Stiv Cobs smartfonunun təqdimatına "bu gün biz tarixi birlikdə yazmağa hazırlaşırıq" sözləri ilə başlamışdı.
O, yeniliyi inqilabi adlandırmış və bu gün çoxları təsdiqləyər ki, O səhv etməyib. Çünki, bir çox çatışmazlığa baxmayaraq, "iPhone" mobil telefon sənayesini dəyişdirdi.
Qurğunu təqdim edərək Stiv Cobs bildirmişdi ki, "Apple" şirkəti 1 deyil, 3 aparat (böyük sensor ekranlı pleyer, telefon və internet-kommunikator) təqdim edir. 3 qurğunu bir "iPhone"-da təcəssüm etmək mümkün oldu. Yenilik istifadəçilərə sensor idarə etməyə əsaslanan innovasiyalı interfeys təklif etmişdi.
Birinci nəsil "iPhone"-da çatışmazlıq çox idi: o, top-sinif telefonları üçün standart sayılan 3G, GPS, MMS və digər funksiyaları dəstəkləmirdi. Bununla belə aparat nəinki populyarlaşdı, həm də o zaman ən böyük telefon istehsalçılarını öz inkişaf strategiyalarına nəzər salmağa vadar etdi.
Qurğunun təqdimatından sonra növbəti gün "RİM" rəhbərliyi tələsik müşavirə keçirdi. Kanada korporasiyası hesab edirdi ki, böyük sensor ekranda interfeysin müntəzəm işləməsi üçün böyük miqdarda enerji sərf edən güclü prosessor lazımdır.
"BlackBerry" istehsalçısı inanmırdı ki, "iPhone" ticarət istehsalı mərhələsinə çatacaq. Bununla belə, "iPhone" 2007-ci il iyun ayının 29-da mağazalarda çıxdı.