Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternetin İdarə Olunması üzrə Beynəlxalq Forum dünya internet arenasında Azərbaycanın rolunu daha da artıracaq


İnformasiya texnologiyaları sektorunun dinamik inkişafı ilə əlaqədar olaraq son illərdə qloballaşma təmayülləri güclənmiş, dünyanın digər ölkələrinin iqtisadi sistemləri ilə qarşılıqlı təsirlər və əlaqələr artmışdır.

Azərbaycan getdikcə daha çox dünya informasiya birliyinə cəlb olunur və onun ayrılmaz hissəsinə çevrilir. Ölkəmizin beynəlxalq təşkilatların həyata keçirdiyi layihələrdə iştirakına mühüm yer ayrılır və bunun sayəsində Azərbaycan dünya miqyaslı təşəbbüslərin həyata keçirilməsində fəal surətdə iştirak edir.

Bu cür beynəlxalq təsisatlardan biri İnternetin İdarə Olunması üzrə Forumdur (Internet Governance Forum – IGF). İGF-in rəhbəri Vyaçeslav Çerkasov İnternetin İdarə Olunması üzrə Forumun mahiyyəti, onun təşkilati quruluşu, fəaliyyəti, habelə forumun işində Azərbaycanın iştirakı barədə sualları cavablandırıb.   
 
- Cənab Çerkasov, belə bir forumun  yaradılması təşəbbüsü kimə aiddir? 
 
Cenevrədə (2003-cü il) və Tunisdə (2005-ci il) həyata keçirilən informasiya cəmiyyəti məsələləri üzrə yüksəksəviyyəli beynəlxalq sammit  (WSİS) internetin idarə olunması məsələsini rəsmi surətdə diplomatik gündəliyə daxil etdi.

“WSİS”-in bir sıra hazırlıq komitəsi iclasından və regional görüşdən sonra həyata keçirilən Cenevrə sammitinin  iştirakçıları informasiya və kommunikasiyalarla əlaqədar olan geniş çeşiddə sualları müzakirə etməyi təklif etdilər.  

Hətta ilk hazırlıq iclasları və regional görüşlər əsnasında nəinki “İnternetin idarə olunması” ifadəsi, “internet” sözünün özü qeyd edilmirdi. İnternetin idarə olunması 2005-ci ilin yanvarında həyata keçirilən Qərbi Asiya regional görüşü əsnasında “WSİS” haqqında danışıqlar prosesinin tərkib hissəsinə çevrildi, “WSİS”-in Cenevrə mərhələsinin yekunları əsasında isə İnternetin idarə olunması zirvə görüşünün əsas məsələsinə çevrildi. 

Uzunmüddətli danışıqlar və son anda bağlanan sazişlər nəticəsində Cenevrədəki görüşün iştirakçıları İnternetin idarə olunması məsələləri üzrə işçi qrupu (Working Group on Internet governance, WGIG) yaratmağı qərara aldılar.

İşçi qrupu hesabat hazırladı və həmin hesabat “WSİS”-in 2005-ci ilin noyabrında Tunisdə keçirilən ikinci mərhələsi çərçivəsində əsas sənəd kimi istifadə olundu.

Görüşün “İnformasiya cəmiyyəti üçün proqram” adlı yekun sənədində İnternetin idarə olunması məsələsi, o cümlədən bu məfhumun tərifi, problemli istiqamətlərin siyahısı dərindən araşdırılır, habelə İnternetdən istifadənin İdarə Olunması Məsələləri üzrə Forumun (Internet Governance Forum, IGF) yaradılması barədə qərar qəbul edilir.

İlk iclası 2006-cı ilin oktyabrında Afina şəhərində keçirilən bu forum internetin idarə olunması məsələlərinin beynəlxalq miqyasda müzakirə edilməsinin yeni modelidir. Bu, BMT-nin Baş katibinin qərarı ilə çağırılan çoxtərəfli təsisatdır.


- Forum çərçivəsində hansı məsələlər müzakirə olunur?

- Son vaxtlar regional və milli  İGF forumlarının keçirilməsi təmayülü meydana çıxmışdır və həmin forumlar əsnasında iştirakçı ölkələr və regionlarda internetdən istifadənin texniki, təşkilati, hüquqi və humanitar məsələlərini müzakirə edirlər.

Sonuncu forum bu ilin 27-30 sentyabr tarixlərində Nayrobi şəhərində (Keniya) baş tutdu. Bu, ən uğurlu forumlardan biri idi və orada 2000 nəfərdən çox şəxs, o cümlədən dövlət strukturları, özəl sektor və ictimai təşkilatların nümayəndələri iştirak etdi.

Qeyd etmək istəyirəm ki, İnternetin tənzimlənməsi çoxməqsədli platforma əsasında həyata keçirilsin. Bizim məqsədimiz İnternetin idarə olunması məsələsi ilə dövlət strukturları, ictimai təşkilatlar və özəl sektorun nümayəndələrini bir araya gətirməkdir.

- Azərbaycanın İGF tədbirlərində iştirakı barədə nə deyə bilərsiniz?

- Nayrobidə həyata keçirilən konfrans əsnasında Azərbaycan hökumətinin nümayəndə heyəti beynəlxalq internet birliyinə növbəti forumu 2012-ci ildə Bakıda keçirməyi təklif etdi. Bu, sizin regionda bu qəbildən olan ilk forum olacaq. İndi biz bu tədbirə hazırlıq kimi mühüm mərhələyə qədəm qoymuşuq.

Biz bilirik ki, Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu istiqamətdə aparıcı rol oynayır. Biz nazir Əli Abbasov ilə görüşdük və o, bizə internetin müasir inkişaf mərhələsi və müasir texnologiyaları haqqında mükəmməl biliklərə yiyələnmiş fəal lider kimi çox müsbət təəssürat bağışladı.  

 - Bu il Azərbaycanda İnternetin İdarə Olunması üzrə Beynəlxalq Forum (Internet Governance Forum – IGF) baş tutacaq. Azərbaycanda forumu təşkil edərkən hansı əsas məqsədlər irəli sürülüb?
 
- İlk növbədə Azərbaycan üçün yeni olan internetin idarə olunması mövzusuna diqqət cəlb etmək və bu məsələnin müzakirəsini başlamaq lazımdır. Azərbaycanda biznes, dövlət və internet ictimaiyyəti nümayəndələri arasında bu məsələyə maraq göstərən şəxslərin olub-olmadığını müəyyən etmək lazımdır.

Və nəhayət, bütün müzakirə iştirakçılarını internet idarəetməsi məsələləri üzrə ixtisaslaşdırmaq lazımdır ki, gələcəkdə dünya miqyaslı İGF forumlarında iştirak etmək mümkün olsun.

Forumda dövlət idarələri və özəl şirkətlərin nümayəndələri, internet icmasının və beynəlxalq təşkilatların aparıcı təmsilçiləri iştirak edəcək. Forumun əsas məqsədi internet tənzimləməsi məsələlərində biznes, dövlət və internet icması nümayəndələri arasında qarşılıqlı əlaqələrin qurulmasından ibarət olacaq.

Həm dünya, həm ölkə, həm də region miqyasında internet idarəetməsi bu prosesdə bütün maraqlı tərəflərin iştirakını nəzərdə tutur, çünki hər mütəxəssis qrupunun bu sahəyə dair özünəməxsus fikir və yanaşmaları var.
 
- Bakıda təşkil edilən forumun beynəlxalq İGF tədbirləri ailəsinə daxil olmaq şansı nə qədərdir?
 
-  Təbii ki, forum beynəlxalq İGF tədbirlərinə birbaşa daxil olacaq. İGF nadir, analoqu olmayan bir meydançadır. İGF çərçivəsində internet icması, dövlət və biznesin aparıcı nümayəndələri müntəzəm surətdə görüşür.

Mən əminəm ki, Azərbaycan ərazisində həyata keçirilən ilk bu cür görüş dünya birliyinin ümidlərini doğruldacaq və dünya internet arenasında Azərbaycanın rolunu əhəmiyyətli dərəcədə artıracaq.
 





10/01/12    Çap et