Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Neft Daşlarında və Cilov adasındakı poçt şöbələri kompyuterləşdiriləcək
Neft Daşlarında 68 və Cilov adasında yerləşən 64 saylı poçt şöbələri yaxın vaxtlarda kompyuterləşdiriləcək. Bu barədə "ictnew.az"-a "Azərpoçt" MMC-nin baş direktor müavini Nazim Süleymanov məlumat verib.
Onun sözlərinə görə, bu məqsədlə Azərbaycanın mobil operatorları ilə danışıqlar aparılır."Danışıqların nəticəsi olaraq yaxın vaxtlarda adıçəkilən məntəqələrin kompyuterləşdirilməsi mümkün olacaq" - deyə baş direktor müavini qeyd edib.
Neft Daşlarında poçtla əlaqə hələlik kommutator vasitəsilə həyata keçirilir. Poçt şöbələrində kompyuter yerləşdirmək mümkün olmadığından teleqramların göndərilməsi telefon vasitəsilə həyata keçirilir. Hər iki məntəqəyə poçtun çatdırılması Dövlət Neft Şirkətinin vertolyotları vasitəsilə mümkün olur.
Xatırladaq ki, hər iki məntəqə Xəzər dənizində yerləşir və poçt şöbələri müvafiq binalarda olmaqla müasir tələblərə cavab verir.
10/01/12 Çap et