Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu il Bakı məktəblərində fənlər üzrə İKT avadanlıqlarının təminatı gücləndiriləcək


Artıq yarısı geridə qalan tədris ilinin ikinci hissəsində - 2012-ci il ərzində Bakının orta ümumtəhsil məktəblərində bir sıra yeniliklər həyata keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) "ICT News" Elektron xəbər xidmətinə verilən məlumata görə, bu il təhsil müəssisələrində metodiki işin yüksək səviyyədə qurulması ilə bağlı müvafiq addımlar atılacaq.

Bu məqsədlə təşkil edilən hər bir fənn üzrə dayaq məntəqəsinin maddi – texniki bazasının gücləndirilməsi, xüsusilə də İKT avadanlıqları ilə təmin edilməsi planlaşdırılır.

 Daha bir yenilik Bakının orta ümumtəhsil müəssisələrinin V siniflərində kurikulumun tətbiqidir. Bu məqsədlə sözügedən təhsil səviyyəsində dərs deyəcək bütün fənn müəllimləri müvafiq kurikulum kurslarına cəlb ediləcək.

Artıq kurikulumun sözügedən təhsil səviyyəsində tətbiqi və müəllimlərin kurslara cəlb edilməsi ilə bağlı hazırlıq işlərinə başlanılıb. Həmin müəllimlərin tam hazırlanmış siyahısı Təhsil Nazirliyinə təqdim ediləcək.

Bu il şagird və müəllimlərin istedadlarının üzə çıxarılması, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, futbol və şahmatın inkişafı, "Ən yaxşı müəllim" və "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqələri ilə əlaqədar da bir sıra işlər də görüləcək.

Onu da qeyd edək ki, məktəblər və müəllimlər arasında sağlam rəqabəti formalaşdıran bu müsabiqələrin əsas qiymətləndirmə meyarları sırasında məktəblərdə yeni texnologiyalardan istifadə, müəllimlərin İKT bacarıqlarına yiyələnməsi, elektron resurslar yaratması və ondan yararlanması yer alıb.  
 





14/01/12    Çap et