Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İKT texnologiyalarının təhsilə təsiri araşdırılacaq


Təhsil Nazirliyinin sifarişi ilə Təhsil Problemləri İnstitutu (TPİ) bu il təlim prosesində yeni pedaqoji və informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin elmi əsaslarını araşdıracaq.

Yeni texnologiyaların təlimin keyfiyyətinə təsiri də əsas tədqiqat mövzularından olacaq. Bu barədə ICT News Elektron xəbər xidmətinə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, davam edən tədris ilində tədqiqata cəlb ediləcək sahələr sırasında ibtidai siniflərdə fənn kurikulumlarının tətbiqi nəticələrinin təhlili, ibtidai sinfin bir müəllim tərəfindən və ya fənlər üzrə aparılmasının məqsədəmüvafiqliyinin araşdırılması da yer alıb.

Bundan başqa, beşyaşlıların məktəb təliminə hazırlanması üzrə işin vəziyyəti və yaxşılaşdırılmasının istiqamətləri, uşaqların məktəbə müsabiqə yolu ilə (testlərlə) qəbulu problemlərinin tədqiqi də bu il həyata keçiriləcək.

Yerinə yetiriləcək tədqiqat mövzularına yeni fənn kurikulumları əsasında hazırlanmış dərslik komplektlərinin təhlili və təkmilləşdirilməsi istiqamətləri, ümumi təhsildə şagird nailiyyətlərinin qiymətləndirilməsi (buraxılış imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, milli qiymətləndirmə və TİMSS, PİRLS beynəlxalq qiymətləndirmə proqramları) nəticələrinin təhlili və təkliflərin hazırlanması da daxildir.

TPİ bu tədris ilində ümumi təhsildə qiymətləndirmə standartlarının təkmilləşdirilməsi və qiymətləndirmə vasitələrinin tədqiqi, onların “Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması Qaydaları” əsasında tətbiqi məsələlərinin öyrənilməsini də həyata keçirəcək.





14/01/12    Çap et