Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Müəllimlərin işə qəbulunun proqram təminatı təkmilləşdiriləcək
2009-2010-cu tədris ilindən müəllimlərin işə qəbulunda yeni qaydaların tətbiqinə başlayan Təhsil Nazirliyi prosesi bir qədər də təkmilləşdirəçək. Bu barədə ICT News Elektron xəbər xidmətinə nazirlikdən məlumat verilib.
Belə ki, müəllimlərin işə qəbulu üzrə müsabiqələrin keçirilməsi məqsədilə müasir infrastruktura malik “Kadr təminatı və təlim Mərkəzi”nin yaradılması nəzərdə tutulur.
Nazirlik Təhsil Problemləri İnstitutu ilə birgə şagird kontingenti az olan məktəblərin kadr təminatının təhlil edilməsi və qoşaixtisaslı müəllimlərin hazırlanması üçün məqsədli yenidənhazırlanma təhsilinin təşkilini də planlaşdırır. Müəllimlərin işə qəbulunun proqram təminatı təkmilləşdiriləcək.
Ali və orta ixtisas təhsili müəssisələrini müsabiqə keçirilən ildə bitirənlərin təhsil sənədləri haqqında məlumat bazasının proqram təminatına daxil edilməsi də nəzərdə tutulur.
Bundan başqa, müsabiqədə iştirak üçün elektron ərizədəki “şəxsiyyət vəsiqəsinin nömrəsi” Daxili İşlər Nazirliyinin məlumat bazasına qoşulacaq.
Proqram təminatına daha iki modul - müsabiqədən sonra vakant qalan yerlərə təkrar elektron ərizə qəbulu modulu və vakant qalan yerlərə əlavə yerləşdirmə modulu əlavə ediləcək.
İşə qəbulla bağlı nəzərdə tutulan digər vəzifələr ali məktəblərdə qoşaixtisaslı müəllim kadrlarının hazırlanması işinin təşkili, orta ixtisas təhsili bazasında pedaqoji kadr hazırlığının dayandırılmasıdır.
Nazirlik dərs ili ərzində yaşı 65-ə çatmış pedaqoji işçilərlə bağlanmış əmək müqaviləsinin müddətinin dərs ilinin sonunadək uzadılması ilə bağlı təlimati sənədin hazırlanmasını da planlaşdırır.
Bundan başqa, müəllimlərin işə qəbulu üzrə Qaydalar Ədliyyə Nazirliyində qeydiyyatdan keçiriləcək. Əsassız yerdəyişmələrin qarşısının almaq üçün isə qaydalarda işə qəbul olunmuş müəllimlər üçün məcburi çalışma müddətinin üç il müəyyənləşdiriləcək.
Onu da qeyd edək ki, nazirliyin araşdırmaları müəllimlərin elektron qaydada işə qəbulunun bir sıra üstünlüklərə malik olduğunu göstərir. Belə ki, prosesdə elektron vasitələr tətbiq edilir, şəffaflıq və obyektivlik təmin olunur, imtahanın sonunda hər bir müəllim öz nəticəsini bilir.
Bundan başqa, qiymətləndirmə insan amili olmadan aparılır, vakant yerlərə yerləşdirilmə proqram təminatı vasitəsilə aparılır və həmin anda müsabiqənin nəticələri barədə məlumat hər bir namizədin şəxsi elektron səhifəsinə göndərilir.
16/01/12 Çap et