Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Nəfəs alan akkumulyator”lar istehsal ediləcək
“İBM” korporasiyası yeni akkumulyator batareyaları hazırlayır. Onların sayəsində gələcəyin elektrik avtomobilləri ekoloji baxımdan daha sərfəli ola bilər. Şirkət mühəndislərinin sözlərinə əsasən, hazırda elektrik avtomobilləri ilə bağlı əsas problem – bu, akkumulyator batareyalarının aşağı tutuma malik olmasıdır.
Akkumulyator batareyasının bir yüklənməsi zamanı avtomobil 150 km-dən 350 kilometrə qədər yol gedə bilər. Bu isə elə də praktik deyil və sürücüləri maşın batareyalarını hər gün yükləməyə vadar edir.
“İBM” korporasiyasının elmi-tədqiqat mərkəzlərində indiki litium-ion batareyaları ilə müqayisədə 1000 dəfə daha tutumlu ola biləcək batareya hazırlanır.
Yeni batareyalar, indiki nümunələrdən fərqli olaraq, elektrik keçiriciliyi üçün metaldan istifadə etmirlər. Bunun əvəzinə, yeni akkumulyatorlarda hərəkət zamanı hava axını alacaq və o, litium-ion ilə karbon matrisi üçün reaktiv (başqa bir maddə ilə qarışdırıldıqda, müəyyən kimyəvi reaksiya əmələ gətirməklə, axtarılan maddənin mövcud olmasını zahirə çıxarmağa imkan verən maddə) verəcək.
"Elektrik avtomobili hərəkətdə olan zaman, batareya daha çox enerji yaratmaq üçün sanki nəfəs alır, bu isə akkumulyatorun tutum göstəricilərini əhəmiyyətli dərəcədə artırmağa imkan verir" – “İBM” korporasiyasından qeyd ediblər.
Litium-hava batareyasının texniki konsepsiyası ilk dəfə 2009-cu ildə, “İBM”-in elmi-tədqiqat mərkəzinin Sürixdə “Battery 500” layihəsini reallaşdırmağa başladıqda hazırlanıb. Hal-hazırda batareyanın nümunəsi mövcuddur.
Mühəndislər bildiriblər ki, hələ ki təcrübədə "nəfəs alan batareya”lardan istifadə etmək mümkün deyil, çünki onlar kimyəvi cəhətdən qeyri-stabildirlər. Hazırda korporasiyada bu çatışmazlıqlar üzərində çalışırlar.
“İBM” korporasiyası litium-hava akkumulyatorlarının "normal" işçi nümunəsini 2013-cü ildə hazırlamağa ümid edir, elektrik avtomobillərini yeni akkumulyatorlarla isə 2018-2020-ci illərdə təchiz etmək istəyir.
16/01/12 Çap et