Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Amerikalı konqresmenlərə “Skype”dan istifadə üçün icazə verilib


ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvlərinə işdə “ooVoo” və “Skype” internet-telefoniya xidmətlərindən istifadə etməyə icazə veriblər. “OoVoo” və “Skype” proqramlarının köməyi ilə konqres üzvləri öz seçiciləri ilə əlaqə yaradacaqlar, həmçinin kolleqalarla müşavirələr təşkil edəcəklər. Aşağı Palatadan xidmətlərə daxili “Wi-Fi” şəbəkəsi vasitəsilə qoşulmaq olacaq.
Video əlaqə təhlükəsizliyini təmin etmək üçün “Skype” və “ooVoo”-da çalışan mühəndislər kömək ediblər. Əvvəllər Nümayəndələr Palatasında “ooVoo”, “Skype” xidmətləri və onların analoqları vasitəsilə videozənglər etmək qadağan idi və Palata üzvləri dəfələrlə bu qadağanı aradan qaldırmağı xahiş etmişdilər. Bununla belə hələ də Amerika Konqresinin Yuxarı Palatasında videozənglərə əvvəlki kimi icazə verilmir. Məlumat üçün bildirək ki, “Skype” xidməti 2003-cü ildə, “ooVoo” xidməti isə 2007-ci ildə istifadəyə verilib. “Skype”dan fərqli olaraq, “ooVoo”-nun pulsuz versiyasında qrup videoçat funksiyası var.




29/06/11    Çap et