Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni fənlər üzrə audiovizual tədris vəsaitlərinin hazırlanması ilə bağlı müraciət olunmayıb


Fənlər üzrə elektron vizual tədris sistemlərinin hazırlanması ilə bağlı Təhsil Nazirliyinə hələlik heç bir müraciət daxil olmayıb. Bu barədə ICT News Elektron xəbər xidmətinə Təhsil Nazirliyinin Dərslik və Nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı məlumat verib.

Bu resursların paylanmasının hər il həyata keçirilmədiyini deyən şöbə müdiri onların bir neçə il əvvəl məktəblərə paylandığını bildirib: “Təhsil Nazirliyinin əmrinə əsasən və şagird kontingentinə uyğun olaraq audiovizual tədris vəsaitləri bir neçə il əvvəl bütün bölgələrə paylanılıb.

Hazırda isə audiovizual tədris vəsaitləri ilə bağlı hələlik müraciətlər yoxdur. Adətən belə resurslar hazırlanır və bizə müraciət olunur. Biz bu müraciətin əsasında onun nəşri məsələsinə baxırıq. Hansı fənlərlə bağlı belə elektron resurslar hazır olarsa, nazirlik onun məktəblərdə yayılması və digər məsələləri nəzərdən keçirir”.
 
Xatırladaq ki, ilk audiovizual tədris vəsaitlərinin hazırlanması “Çaşıoğlu” şirkətlər qrupu və “Bakınəşr” tərəfindən həyata keçirilib.

Bu vəsaitlər ölkə başçısının “2005-2007-ci illlərdə Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə təminatı haqqında” 2004-cü il tarixli sərəncamına müvafiq olaraq hazırlanmışdı.

“Çaşıoğlu-Multimedia” MMC tərəfindən hazırlanmış vəsaitlərə “Azərbaycan tarixi”(Qədim və Orta əsrlər), “Biologiya” (Botanika və Zoologiya), “Kimya”(Qeyri-üzvü kimya) və Bakınəşrin hazırladığı “Fizika” multimedia dərs vəsaitləri daxildir.

Hesab olunur ki, audiovizual tədris vəsaitləri dərslərin daha maraqlı təşkilinə şərait yaradır. Təhsil üzrə mütəxəssislər bu vəsaitlərin vaxta qənaət etməyə və bütün şagirdlərin diqqətini cəlb etməklə dərslərin daha keyfiyyətli keçirilməsinə imkan verdiyini də bildirirlər.





16/01/12    Çap et