Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“İnnovativ müəllimlər müsabiqəsi” nin şərtləri dəyişə bilər
“Microsoft” un təşəbbüsü olan və hazırda dünyanın 100-dən artıq ölkəsində reallaşdırılan “İnnovativ müəllimlər müsabiqəsi”nə qoşulma şərtləri dəyişə bilər. Belə ki, “Microsoft” Azərbaycanda “Mədəd” təşkilatı tərəfindən İKT bacarıqlarının artırılması ilə bağlı müəllimlər arasında aparılan təlimlərlə müsabiqəni əlaqələndirməyi nəzərdə tutur.
ICT News Elektron xəbər xidmətinə “Microsoft-Azərbaycan”dan verilən məlumata görə, bununla da nazirliyin layihələri çərçivəsində “Mədəd”in keçirdiyi təlimlərdə ən fəal iştirak edən müəllimlər avtomatik olaraq müsabiqənin iştirakçısına çevrilə biləcəklər.
Bu yolla şirkət təlimlərin daha keyfiyyətli keçməsinə və müəllimlərin orada daha fəal olmasına maraqlarını artırmaq fikrindədir.
Belə müsabiqələrdə qabaqcıl müəllim kimi tanınmağın və seçilməyin daha vacib olduğunu vurğulayan mənbədən bildirilib ki, müsabiqə qalibləri dünyanın təhsil islahatlarına təsir etmək imkanı qazanırlar.
Qeyd edək ki, “İnnovativ müəllimlər müsabiqəsi” Təhsil Nazirliyi və Microsoft Azərbaycan tərəfindən birgə həyata keçirilən Təhsildə Əməkdaşlıq proqramının tərkib hissəsidir.
Müsabiqənin məqsədi hər ölkədə qabaqcıl, yenilikçi müəllimləri araşdırıb üzə çıxarmaq, onları əvvəl yerli, sonra isə müxtəlif regional müsabiqələr vasitəsi ilə bir araya gətirərək təcrübə mübadiləsinə şərait yaratmaqdır.
Bundan başqa, müsabiqə Azərbaycan təhsil sistemində çalışan innovativ orta məktəb müəllimlərinin şəbəkəsini yaratmaq, onların informasiya texnologiyalarından istifadəsini təkmilləşdirmək və şagirdləri 21-ci əsr vərdişlərinə yiyələnməsi üçün şərait yaratmaq vəzifələrini üzərinə götürüb.
Layihə metodikasına əsaslanaraq orta məktəb müəllimləri arasında aparılan müsabiqə seçim və final kimi iki mərhələdən ibarətdir. Xatırladaq ki, 2011-ci ildə keçirilən müsabiqədə 6 qalib müəyyən edilib.
Son müsabiqədə birinci yerin qalibləri isə Əlinazim Mahmudzadə, Rəna Əhmədova (Bakı, H. Əliyev adına Müasir Təhsil Kompleksi), Namiq Rüstəmov (Bakı, 151 saylı məktəb) olub.
16/01/12 Çap et