Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazir 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda çıxış edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov iclasda çıxış edib.
Möhtərəm cənab Prezident!
Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət digər sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları (İKT) və telekommunikasiya sektorunda da öz bəhrəsini verməkdədir.
Belə ki, 2011-ci ildə sektor üzrə əldə olunan gəlirlərin həcmi 2010-cu ilə nisbətən təxminən 12% artmış, bu isə uyğun ümumdünya orta göstəricisinin gözlənilən rəqəmindən təxminən 2 dəfə çoxdur.
Bizim ilkin hesablamalara görə sektora təxminən 400 mln. manat həcmində investisiya qoyulub. Hesabat dövründə, həmçinin aşağıdakı əsas nəticələrə nail olunub.
Ölkəmizdə MDB dövlətləri arasında ilk dəfə sabit telefon şəbəkəsi tam rəqəmləşdirilmiş və bütün ölkə üzrə beynəlxalq standart nömrələmə sisteminə keçilib. Sabit telefon şəbəkəsinin tutumu təxminən 50000 nömrə artaraq hər 100 nəfərə 18,6% sıxlığa çatdırılıb.
Mobil şəbəkə genişləndirilib, hər üç operator müasir "3G" xidmətlərinin verilməsinə başlanıb və nəticədə "3G" abonentlərinin sayı qısa müddətdə 2 milyona çatıb. Bu gün artıq əhalinin hər 100 nəfərinə 110 mobil telefon düşür ki, bu da ümumdünya orta göstəricisindən təxminən 40% yüksəkdir.
2011-ci ildə internet istifadəçilərinin sıxlığı 65%, genişzolaqlı isə 30%-i ötüb. Hər iki göstərici üzrə ölkəmiz ümumdünya orta göstəriciləri iki dəfədən çox qabaqlayır. İnternet xidmətlərinin qiymətləri isə rəqabətin genişlənməsi hesabına 35% aşağı düşüb.
Ölkədə biri dövlət, ikisi isə özəl olmaqla üç şirkət tərəfindən qurulan magistral optik informasiya ötürmə şəbəkələri bütün rayon mərkəzlərini və təxminən 35% kəndləri yüksəksürətli vahid şəbəkədə birləşdirib. Bu isə Mərkəzi və Şərqi Avropa üçün yüksək nəticə sayılır.
Hesabat dövründə ölkə ərazisində televiziya və radio proqramlarının yayım keyfiyyətinin və əhatə zonasının genişləndirilməsi məqsədi ilə 72 ədəd müxtəlif təyinatlı radio-TV vericiləri istismara verilib. Ölkə ərazisinin 85%-i rəqəmli televiziya yayımı ilə təmin olunub.
Özəl sektor televiziya və radio yayımı sahəsində də aktivləşib və təxminən 10 şirkət peyk, kabel, efir, İP-TV və digər texnologiyalarla ödənişli yayım xidmətləri göstərir.
20-dən çox internet televiziya və radio yayımı mövcuddur. Ümumiyyətlə, İKT-nin inkişaf göstəricilərinə görə ölkəmiz inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir və son 5-7 ildə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir.
Poçt sistemində hesabat dövründə gəlirlər 23% artmış, ancaq 2011-ci ildə də dövlət və əsasən də telekommunikasiya sektorundan ayrılan subsidiyalar hesabına fəaliyyəti təmin olunub. Maliyyə Nazirliyi və Mərkəzi Bankla birlikdə poçt sistemində yeni reformalar üzərində düşünürük.
"Elektron hökumət" layihəsi çərçivəsində elektron imzanın tətbiqi üzrə Milli Sertifikat Xidmətləri Mərkəzi yaradılmış və 2011-ci ilin sentyabr ayından dövlət orqanlarına, vətəndaşlara və biznes qurumlarına elektron imza xidmətlərinin göstərilməsinə başlanılıb.
Həmçinin, "elektron hökumət portalı"nın birinci versiyası yaradılmış və bu ilin birinci yarısında vətəndaşlar və iş adamları üçün açılacaqdır. Hazırda 15 dövlət orqanı bu sistemə qoşulmuş və göstəriləcək elektron xidmətlərin sayı 60-a çatdırılıb.
Hesabat ilində "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsində kontraktlar üzrə işlər görülüb. İlk telekommunikasiya peykinin hazırlanaraq "Kuru" kosmodromuna gətirilməsi bu ilin oktyabr ayında və sonrakı 3 ay müddətində isə orbitə çıxarılması planlaşdırılıb.
İkinci telekommunikasiya peyki ilə bağlı araşdırma işləri başa çatmaq üzrədir və peykin orbitə çıxarılması isə 2015-ci ilə nəzərdə tutulbu. Yer səthinin müşahidə və tədqiqatı üzrə aşağı orbitli kiçik həcmli peykin orbitə çıxarılması isə 2013-cü ilə planlaşdırılır.
Bu sahədə xarici peykin region üzərində icarəyə götürülməsi isə bu il həll olunmalıdır. Əsas və ehtiyat idarəetmə mərkəzlərinin tikintisinə başlanılıb və bu ilin avqust ayında idarəetmə sisteminin qurulması üçün peyk şirkətinə təhvil veriləcəkdir.
Peyk və peykin idarəetmə və istismarı üçün ABŞ, Fransa və Malayziyada mütəxəssislərin hazırlığı aparılmış və bu proses bu il də davam etdiriləcəkdir.
İT sahəsində istehsal həcmi də hesabat ilində 50% artmış və 120 mln. manat olub. Bu məhsullara əsasən radioelektron elementlər, optik daşıyıcılar, kompyuterlər, proqram modulları və s. daxildir.
Həmçinin, bir neçə yeni tipli elektron məhsullar da alınıb. "BakuTel-2011" sərgisində Sizə nümayiş etdirilən yeni tipli tablet kompyuter- "AzPAD", səslə tam Azərbaycan və müəyyən həcmdə ingiliscə işləyən "Dilmanc" noutbuk və hesabat ilində qurulmuş nanolaboratoriyada alman alimləri və mühəndisləri ilə birgə hazırlanmış yeni tipli işıq diodlarını misal gətirə bilərəm.
Regional bazarda fəaliyyətimizin bir istiqaməti isə ölkəmiz tərəfindən region ölkələrinə informasiya xidmətlərinin verilməsi və tranzit potensialının yaradılmasıdır.
Bu sahədə BMT-nin 64-cü Baş Assambleyasının xüsusi qətnaməsi və Azərbaycanın koordinatorluğu ilə həyata keçirilən "Avro-Asiya Transmilli İnformasiya Supermagistralı" layihəsi mərhələlərlə reallaşmaqdadır.
Artıq magistralın keçəcəyi ölkələrin – Rusiya, Türkiyə, Azərbaycan, Qazaxıstan və Çinin əsas telekom operatorları məsləhətçi şirkətin iştirakı ilə beynəlxalq konsorsiumun yaradılması istiqamətində danışıqlara başlamış və hesabat ilində bu layihə ilə bağlı Qəbələdə birinci biznes-forum keçirilib.
Digər bir layihə isə Avropa-Yaxın Şərq informasiya magistralı (EPEG- Persia Express Gateway) layihəsidir. Bu layihə sayəsində Frankfurt şəhərindən Omana qədər çox böyük tutumlu rabitə kanallarının Asiya ölkələrinə çatdırılması təmin ediləcəkdir.
Bu marşrut Avropadan Asiyaya olan dənizaltı rabitə kanallarından qısa yoldur. Azərbaycan bu layihədə tranzit ölkə kimi həm əsas, həm də ehtiyat marşrut olaraq seçilib.
Azərbaycanın beynəlxalq operatorlarının səyi nəticəsində hesabat dövründə ölkəmizdə iki birinci səviyyəli "Beynəlxalq İnternet Exchange"- kommutasiya mərkəzinin və "Telehauz" Beynəlxalq telekommutasiya mərkəzinin, həmçinin "Microsoft"un regional İnformasiya-hesablama mərkəzinin yaradılması istiqamətində hazırlıq işləri həyata keçirilib. Qeyd edim ki, hər üç layihəyə MDB və Mərkəzi Asiyanın aparıcı ölkələri də sahiblik etmək arzusundadırlar.
Möhtərəm cənab Prezident!
Təbii sərvətlərdən texnoloji və innovasiya tutumlu iqtisadiyyata keçiddə innovativ sahibkarlığın və xarici investorların iştirakının gücləndirilməsi üçün əlverişli işgüzarlıq mühitinin yaradılmasına ehtiyac yaranıb.
Hesabat ilində Regional İnnovasiya Zonası layihəsi çərçivəsində innovativ İKT məhsul və xidmətlərinin istehsal və ixracını təşviq edən təkliflər paketi xarici və daxili mütəxəssislər tərəfindən hazırlanmış və baxılmaq üçün Prezident Administrasiyası və Nazirlər Kabinetinə təqdim edilib.
Cənab Prezident!
Ölkəmizin regional İKT mərkəzinə çevrilməsində son illər Sizin şəxsi iştirakınızla keçirilən və Xəzəryanı regionda ən böyük nüfuza malik olan "BakuTel" Beynəlxalq telekommunikasiya və İT sərgi və konfransı böyük rol oynayır. 2011-ci ildə bu sərgidə 30 ölkədən 250 şirkətin, o cümlədən şirkətlərin 60%-nin xarici ölkələrdən olması və 19 ölkənin milli stendlərlə iştirakı buna parlaq misaldır.
Bu il Ümumdünya İnternet İdarəçilik Forumunun (IGF) Bakıda keçirilməsi və Forum çərçivəsində "BakuTel" Beynəlxalq sərgisinin qlobal İnternet şəbəkəsinin perspektivlərinə həsr edilməsi təklif olunur. Artıq bu barədə BMT rəhbərliyi tərəfindən Azərbaycan hökumətinə müraciət olunub.
Möhtərəm cənab Prezident!
Rabitə və informasiya texnologiyaları işçiləri adından Sizi əmin edirik ki, bundan sonra da ölkəmizdə davamlı və dayanıqlı inkişaf üçün bütün qüvvələrimizi səfərbər edəcəyik.
Diqqətinizə görə sağ olun.
16/01/12 Çap et