Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sumqayıt Kimya Sənaye və Balaxanı Sənaye parkları innovativ iqtisadiyyatın formalaşmasını sürətləndirəcək
Ölkə başçısının sərəncamlarına uyğun olaraq yaradılan Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı innovativ iqtisadiyyatın formalaşmasını, iqtisadiyyatın modernləşməsini, sahibkarlığın inkişafını sürətləndirəcək.
Bu parklar idxaldan asılılığı azaltmaqla qeyri-neft ixracını artıracaq, əhalinin məşğulluğunun artırılmasında önəmli rol oynayacaq.
Bu barədə prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında İqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verib.
Nazir bildirib ki, dövlət əsaslı vəsait qoyuluşu hesabına ötən il nəqliyyat, İKT, turizm, kommunal, irriqasiya, energetika, ekologiya və digər sahələrin inkişafına 5,9 milyard, o cümlədən sosialyönümlü layihələrə 1,7 milyard manat investisiya qoyulub: ”İl ərzində regionlarda müasir texnologiyalara əsaslanan 110-dan çox müəssisə tikilib istifadəyə verilib, hazırda 200-dən çox müəssisə tikilməkdədir.
Müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, istehsal proseslərinin beynəlxalq standartlara uyğun qurulması tələbi nəticəsində mexanizm və avadanlıqların idxalı 1,7 dəfə artıb”.
17/01/12 Çap et