Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İlham Əliyev : “ Mən çox şadam ki, beynəlxalq telekommunikasiya qurumlarının hesabatlarına görə Azərbaycan MDB məkanında qabaqcıl yerlərdədir”
Bu gün telekommunikasiya sahəsində görülən işlər haqqında nazir məlumat verdi. Bu sahə də Azərbaycanda uğurla inkişaf edir. Bu il biz birinci Azərbaycan telekommunikasiya peykini orbitə buraxacağıq.
Bu, tarixi hadisə olacaqdır. Azərbaycan kosmik sənaye yaradır. Azərbaycan kosmik sənayeyə malik olan ölkələr sırasına daxil edilir. Bu, uzaqgörən siyasətimizin nəticəsidir.
Mən hesab edirəm ki, Azərbaycan bütün mütərəqqi və qabaqcıl texnologiyaları gətirməlidir. Biz gətiririk, tətbiq edirik, kadrları hazırlayırıq. Beləliklə, ölkəmizin həm siyasi çəkisi, həm iqtisadi gücü artacaqdır.
Telekommunikasiya o sahələrdəndir ki, burada müxtəlif və hər bir ölkənin inkişafı üçün vacib olan amillər cəmləşir. Bu, innovasiyadır, bilikdir, savaddır. Eyni zamanda, bu, böyük biznes sahəsidir.
Yəni, ölkə iqtisadiyyatının inkişafı üçün bizə əlavə gəlirlər gələcəkdir. Bu, elmi-texniki tərəqqini şərtləndirən sahədir. Gələcəkdə informasiya-kommunikasiya texnologiyaları sahəsi dünyada aparıcı sahə olacaqdır və olmalıdır. Bu sahədə kim qabaqda gedirsə, o da söz sahibi olacaqdır.
Çünki bugünkü dünya bundan 10 il, 20 il əvvəlki dünya deyildir. Texnologiyalar, informasiya təhlükəsizliyi, kiberhücumlara qarşı təhlükəsizlik tədbirləri artıq ön plana çıxır və gələcək dövrün güclər nisbəti də məhz bu sahədə müəyyən ediləcəkdir. Ona görə, biz bu sahəyə çox böyük diqqət göstərməliyik, göstəririk.
Bu siyasət bu gün başlanmır, bir neçə il bundan əvvəl başlanmışdır. Mən çox şadam ki, beynəlxalq telekommunikasiya qurumlarının hesabatlarına görə Azərbaycan MDB məkanında qabaqcıl yerlərdədir. Bizdə azad internet fəaliyyət göstərir.
Deyə bilərəm ki, heç də hər bir ölkədə azad internet mövcud deyildir. İnternet istifadəçilərinin sayı artmaqdadır, mən bunu çox müsbət hal kimi qiymətləndirirəm.
Uşaqlarımız, gənclərimiz artıq kompyuterlə işləyirlər. Yəni, gələcək budur. Bu, məlumat, söz azadlığıdır, Azərbaycanda demokratik cəmiyyət mövcuddur və biz demokratik əsasları daha da gücləndirməliyik.
Azad internet olan yerdə təbii ki, söz azadlığı da vardır və bu, təbiidir. Yəni, bu sahə həm təhlükəsizlik, həm inkişaf, həm bilik, həm biznes, həm gələcək nəslin hazırlanması üçün aparıcı sahə olmalıdır.
Bizdə də elə olmalıdır. Biz gələcəkdə ölkəmizin inkişafı üçün iqtisadiyyatımızın şaxələndirilməsi sayəsində yaradılacaq vəziyyət hesabına bu sahədə də qabaqcıl yerlərdəyik. İndi bölgədə, gələcəkdə isə dünya miqyasında biz inkişaf etmiş ölkələrin sırasında olmalıyıq.
Mən çox şadam ki, ölkəmizdə keçirilən ənənəvi "Bakutel" sərgisi hər il daha da böyük, mötəbər sərgi kimi özünü təqdim edir, gələn qonaqların sayı artır, şirkətlər maraq göstərirlər. İnvestisiya qoymaq istəyənlər görəndə ki, Azərbaycan dövləti də bu sahəyə böyük diqqət göstərir, kosmik sənaye yaradılır, birinci peyk buraxılır, çox böyük maraqla yanaşırlar.
Yenə də qeyd edirəm, bu, birinci peykdir, sonuncu deyildir. Ondan sonra ikincisi, üçüncüsü olacaqdır. Yəni, güclü sənaye yaradılacaqdır. Beynəlxalq təşkilatlarla bu sahədə əməkdaşlığımız çox yaxşıdır. Dünyanın aparıcı İKT şirkətləri Azərbaycana çox böyük maraqla və böyük hörmətlə yanaşırlar.
17/01/12 Çap et