Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnformatika fənni müəllimləri ixtisasartırma kurslarına cəlb ediləcək
Ölkədə informatika fənninin tədrisi vəziyyətinin öyrənilməsi, şagirdlərin İKT üzrə bacarıqlarının müəyyən edilməsi və gələcəkdə müqayisəli təhlillər üçün bazanın yaradılması məqsədilə Milli Qiymətləndirmə aparılıb.
Təhsil Nazirliyinin 2011-ci il üzrə qiymətləndirmə tədqiqatının xüsusi məqsədlərinə daxil olan digər mövzular IX sinif şagirdlərinin sosial savadının (həyati bacarıqlar) yoxlanılması, Dünya Bankının layihəsi üzrə kitabxanası təkmilləşdirmək üçün seçilmiş hədəf və nəzarət məktəblərinin şagirdləri ilə ölkənin digər məktəb şagirdlərinin nailiyyətlərinin müqayisəsi olub.
ICT News Elektron xəbər xidmətinə Təhsil Nazirliyindən verilən məlumata görə, tədqiqata üç istiqamət üzrə 200 məktəb cəlb edilib. 2011-ci il Milli qiymətləndirmə tədqiqatının nəticələri göstərib ki, Azərbaycan dili, riyaziyyat və informatka fənləri üzrə şagirdlərin sosial savadı (həyati bacarıqlar) qənaətbəxşdir.
Bununla belə, Azərbaycan dilindən mətni oxuyub müqayisə və qarşılaşdırma əsasında təhlil etmək, riyaziyyatdan müxtəlif situasiyalardakı problemləri cəbri şəkildə ifadə etmək və araşdırmaqla bağlı işlər aparılmalıdır.
Şagirdlərin informatika fənni üzrə bilik və bacarıqlarının meyarlara əsasən qiymətləndirilməsinin nəticələrinə gəlincə, informatikadan öyrəndikləri proqramlaşdırma mühitində onların işləmək bacarıqları təkmilləşdirilməlidir.
Nazirliyin mütəxəssisləri bu sahənin inkişafı istiqamətində iş aparılmasını da vacib sayırlar. Təhlillərə görə, Azərbaycan dili fənnindən bəzi bacarıqlar üzrə qızlar irəlidədirsə, riyaziyyat və informatika fənləri üzrə bu göstəricilər dəyişir.
Bundan başqa, valideynlərin, xüsusilə atanın tam orta və ali təhsilli olması şagirdlərin nəticələrinə müsbət təsir edir və valideynlərin təhsil səviyyəsi ilə şagirdlərin səviyyəsi uyğunluq təşkil edir. Lakin orta ixtisas təhsili alan valideynlərdə bu qanunauyğunluq pozulur.
Tədqiqatının nəticələri əsasında hazırlanmış təkliflərə gəlincə, ixtisaslı kadrların yoxluğu səbəbindən informatika fənninin zəif tədris olunduğu məktəblər ixtisaslı müəllim kadrları ilə təmin edilməsi önə çəkilir.
Bundan başqa, informatika fənni müəllimlərinin ixtisasartırma kurslarına cəlb edilməsi ilə bağlı tədbirlərin görülməsi təklif olunur. Təkliflərdə riyaziyyat dərsliklərində və fənn üzrə digər vəsaitlərdə sosial savadı (həyati bacarıqlar) artıran tapşırıqlara geniş yer verilməsi də yer alıb.
18/01/12 Çap et