Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” korporasiyası yeni fayl sistemi təqdim edib


“Microsoft” korporasiyası dünən, “NTFS” fayl sisteminin sonrakı inkişafı olan öz yeni fayl sistemini təqdim edib. Qeyd edək ki, “NTFS” fayl sistemi artıq 10 ildir ki, “Windows” əməliyyat sistemlərində fayllarla iş üçün standart  həldir. Korporasiyanın yeni hazırlaması “Resilient File System” və ya “ReFS” adlanır.

Bu hazırlama ilk dəfə “Windows 8 Server”də olacaq və gələcəkdə “Windows” əməliyyat sisteminin növbəti müştəri versiyalarında faylların saxlanılması üçün əsas fayl sistemi olacaq.

Məlumat üçün qeyd edək ki, “ReFS” fayl sistemi ilk əvvəl yükləmə bölmələri  üçün deyil, yalnız əməliyyat sistemi quraşdırılmayan məntiqi və fiziki disklər üçün nəzərdə tutulub.

“Windows 8” hazırlamasının rəhbəri Stiven Sinofski bildirir ki, “ReFS” fayl sisteminin kodu “NTFS”-dən əhəmiyyətli dərəcədə fərqlənir. Bundan əlavə, yeni sistem faylların açılması, yazılması, bağlanması və təsvirinə yeni yanaşmalara malikdir.

“NTFS”-dən fərqli olaraq, yeni fayl sistemi əməli yaddaşda yerləşən faylları idarə edə bilir, həmçinin mürəkkəb keş-yaddaş strukturuna malikdir. Bununla belə, “Microsoft” korporasiyası bütün bu fərqlərə baxmayaraq, iki fayl sisteminin bir-biri ilə qarşılıqlı əlaqədə olmasını qəbul edir.

İki fayl sistemi arasındakı əhəmiyyətli fərq ilk növbədə ondan ibarətdir ki, sistemlərdə disk strukturlarının yaradılması tamamilə müxtəlidir. “Microsoft”da bildirirlər ki, “ReFS” fayl sistemində “MFT” analoqu daha da təkmilləşdirilmiş və müasir tələblərə cavab verir.

Yeni fayl sisteminin yaradıcıları ondan yüksək etibarlılıq və hər cür nasazlıqlara (həm proqram təminatı, həm də avadanlıq üzrə ) qarşı tab gətirməyi gözləyirlər.
 





18/01/12    Çap et