Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qərb internet şirkətləri antipiratçılıqla mübarizəyə etiraz edirlər
"Google" internet şirkəti çərşənbə axşamı bildirib ki, o da Vaşinqtonda müzakirə edilən antipiratçılıqla mübarizə üçün nəzərdə tutulmuş "SOPA" (Stop Online Piracy Act) qanun layihəsinə qarşı etiraz edən Amerikanın texnologiya şirkətlərinin etiraz dalğasına qoşulacaq.
Dünən "Wikipedia" onlayn ensiklopediyasının təsisçisi Cimmi Uels bildirib ki, bu gün, yanvar ayının 18-i "SOPA" qanun layihəsinə qarşı etiraz əlaməti olaraq, resursun ingilisdilli bölməsi bağlanacaq.
Amerika səsyazma və film sənayesinin böyük "oyunçu"ları, xüsusilə "RİAA" (Recording İndustry Association of America) və "MPAA" (Motion Picture Association of America) təşkilatları tərəfindən fəal şəkildə dəstəklənən "SOPA" qanun layihəsi məhkəmənin qərarı ilə lisenziyasız məzmunu yayan istənilən internet-resursun internetə çıxış imkanını dayandırmağı təklif edir.
"Google" və "Facebook" kimi internet-şirkətlər bildiriblər ki, səsyazma və kino şirkətləri sadəcə olaraq gəlir əldə edə bilməmək kimi problemlərini və bacarıqsızlıqlarını istifadəçilərin və internet-şirkətlərin üzərinə yıxmaq istəyirlər.
Qanun layihəsinə etiraz edən internet-şirkətlər sırasına, həmçinin "Tumblr", "Reddit", "Wordpress.com" və digərləri qoşulublar.
"Twitter"in rəhbəri Dik Kostolo hesab edir ki, tələbat olan resursları, hətta etiraz əlaməti olaraq bağlamaq ağılsızlıqdır. O vurğulayıb ki, mikrobloqlar xidməti, həmçinin "SOPA" qanun layihəsinə qarşıdır, lakin işləməyə davam edəcək.
18/01/12 Çap et