Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
Biznes-analitik (BI) vasitələri və analitik əlavələr 2012-ci il üçün əsas texnologiyalar hesab olunur. “Gartner” analitiklərinin keçirdikləri sorğuda iştirak etmiş İT-rəhbərləri bu bəyanatla çıxış ediblər. Tədqiqatda dünyanın 45 ölkəsindən mütəxəssislər iştirak edib.
Sorğuda iştirak etmiş mütəxəssislər ikinci yeri mobil texnologiyalara veriblər. “Bulud” hesablamaları (SaaS daxil olmaqla) üçlüyü tamamlayıb. Məlumat üçün bildirək ki, 1 il əvvəl o, “Gartner” şirkətinin analoji reytinqində birinci mövqedə olub.
Ekspertlərin hesabatında, həmçinin növbəti trendlər haqqında da maraqlı məlumatlar yer alıb. Belə ki, mütəxəssislər hesab edir ki, işçi proseslərin təşkili texnologiyaları, texnologiyaların yenilənməsi, İT-idarəetmə, müştərilərlə əlaqə idarə sistemləri, ofis hesabı sistemləri, təhlükəsizlik və virtuallaşma bu ildə texnologiya dünyasının vazkeçilməzləri olacaq.
Bunlarla yanaşı, “Gartner” analitik şirkəti 2012-ci ildə İT-büdcə həcmlərinin qlobal miqyasda dəyişməyəcəyini proqnozlaşdırır. Lakin analitiklər qrupu müxtəlif regionlarda bəzi dəyişikliklərin olacağını da istisna etmir.
Hesablamalara görə, Şimali Amerikada informasiya texnologiyalarına sərf edilən xərclər 0,6% azalacaq. Latın Amerikasında isə əksinə, 12,7% artım proqnozlaşdırılır. Asiya-Sakit okean regionunda isə artım 3,4% təşkil edəcək.
“Gartner” hesab edir ki, 2012-ci ildə yeni texnologiya həllərinə sərf olunacaq xərclər 3,7% artaraq 3,8 trilyon dollar təşkil edəcək.
2012-ci ildə korporativ proqram təminatına sərf ediləcək xərclər daha 6,4% artaraq 285 milyard dollar olacaq. Qeyd edək ki, keçən il İT xidmətlərinə 848 milyard dollar xərclənib, belə ki bu göstərici 1 il əvvəl ilə müqayisədə 6,9% çoxdur. Analitiklərin proqnozlarına əsasən, cari il bu göstərici 874 milyard dollara qədər artacaq.
19/01/12 Çap et