Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
RİTN-də 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş mərasim keçirilib
Bu gün, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.
RİTN Aparatının rəhbərliyi və əməkdaşları, nazirliyin birlik və müəssisələrinin rəhbərliyi, eləcə də rabitəçi şəhidlərin ailə üzvlərinin iştirak etdiyi tədbirdə Qanlı Yanvar hadisələrinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxış edərək bildirib ki, Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayət kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan etmədən, Sovet ordusunun Azərbaycana qarşı hərbi əməliyyatlarında 131 insan öldürüldüyünü, 744 adamın ağır xəsarət aldığını, 4 şəxsin itkin düşdüyünü, 400 nəfərin isə həbs edildiyini xatırladan nazir 4 nəfər rabitəçinin də həlak olduğunu qeyd edib.
Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanmasını totalitar sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini qeyd edən Ə.Abbasov bildirib ki, o hüznlü günlərdə ulu öndər Heydər Əliyev Azərbaycanın Rusiyadakı səfirliyinə gedərək əliyalın xalqa qarşı törədilmiş vəhşiliklərlə bağlı sovet imperiyasını kəskin tənqid etmişdir.
Eyni zamanda, nazir Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü naminə canından keçmiş bütün şəhidlərin adlarının əbədiləşdirildiyini, şəhid ailələrinə yüksək diqqət və qayğı göstərildiyini vurğulayıb.
Sonda şəhid ailələrinin problemləri dinlənilib və həlli üçün müvafiq tapşırıqlar verilib.
19/01/12 Çap et