Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Cənubi Koreyada hərbi “kibermüdafiə məktəbi” açılır
Cənubi Koreya Müdafiə Nazirliyi kibermüdafiə və kiberhücum sahəsində mütəxəssis hazırlığı məktəblərini yaradacaq. Yeni təşəbbüslər Şimali Koreya tərəfindən artan casus və haker fəallığına qarşı yönəldilib. Cənubi Koreya hərbçiləri Koreya Universiteti ilə əməkdaşlıq layihəsini elan ediblər.
Şərtlərə görə 2012-ci ildə universitetdə yeni "kibermüdafiə məktəbi" açılacaq və tələbələr 4 illik təhsil kursu keçəcəklər. Kurslar ziyanlı proqramlarla mübarizə, müasir İT həllərin ətraflı tədqiqatı, proqramlaşdırmanın bacarıqlarına yiyələnmə və digər - psixoloji və fiziki hazırlığa qədər geniş kursu əhatə edəcək. "Biz Şimali Koreya tərəfindən artan kiberterror təhlükələri fonunda kibermüharibədə mübarizə apara biləcək əsgərlər hazırlamaq niyyətindəyik" – deyə ordu məmurları bildiriblər.
Tələbələrin təhsil xərclərini Müdafiə Nazirliyi ödəyəcək. Təhsildən sonra tələbələr qüvvədə olan zabit kimi orduda ən azı 7 il xidmət etməli olacaqlar. Bu halda, hərbi müəssisə onlara maaş ödəyəcək, evlə təmin edəcək və hərbi personala aid olan başqa güzəştlər təklif edəcək. Xatırladaq ki, may ayında Cənubi Koreya prokurorluğu “Şimal”ın "elit haker bölmələri"ni dəstəklədiyi və inkişaf etdirdiyini bildirib. Pxenyanda belə bəyanatları "absurd" və "sübutsuz" adlandırırlar. Bundan başqa Seul 2009-cu ildən bəri artıq bir neçə dəfə hökumət və bank resurslarına miqyaslı kiberhücum həyata keçirilməsində Şimali Koreyanı ittiham edib.
30/06/11 Çap et