Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər “Facebook”a “divan tutacaqlarına” söz veriblər


Anonymous” haker qruplaşmasının üzvləri şənbə günü- yanvarın 28-də “Facebook” sosial şəbəkəsinə hücum edəcəklərinə söz veriblər. Bu barədə məlumat yayan “Cnet” nəşrinin məlumatına görə, “onlayn-müharibə” ABŞ-da baxılmaqda olan “SOPA” (Stop Online Piracy Act) və “PİPA” (Protect IP Act) antipirat qanun layihələrinə etiraz olaraq davam etdiriləcək.

Belə ki, “SOPA” və “PİPA” qanun layihələrinin qəbulu məhkəmənin qərarı ilə istənilən resursu qapatmaq imkanı verəcək. Bu addım hətta lisenziyasız məlumatların yayılmasında iştirakı olmayan xidmətlərə də şamil olunacaq.

Hakerlərin adından “YouTube”da yerləşdirilən videomüraciətdə bildirilir: ”Anonymous, insanlar və ABŞ hökumət orqanları arasında “onlayn-müharibə” başlayıb”. Hakerlər hesab edirlər ki, sözügedən qanun layihələri internet istifadəçilərinin hüquqlarının pozulmasına təhlükə yaradır.

Buna etiraz olaraq, “Anonymous” qruplaşması ötən həftə ABŞ-da bir sıra dövlət və özəl saytları müvəqqəti sıradan çıxarıblar.

Bu addımla onlar həm də ABŞ-da sənəd mübadiləsində əsas serverlərdən olan və müəllif hüquqlarının pozulmasında günahlandırılaraq qapadılan “megaupload.com” xidmətinə dəstək veriblər.

Bu səbəbdən də istifadəçiləri “DdoS-hücum”u dəstəkləməyə çağıran qruplaşma üzvləri “Facebook” şəbəkəsinə qarşı tədbirin ABŞ vaxtilə gecəyarısı başlanacağını bəyan ediblər. Hücum hədəfi olaraq niyə məhz bu şəbəkənin seçilməsinə isə hakerər şərh verməyiblər.





24/01/12    Çap et