Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) iş yerlərində yeni risklər, o cümlədən yeni texnologiyalardan, kompyuterlərdən istifadə ilə bağlı qanun layihəsi hazırlayır.
Hazırda layihə üzərində beynəlxalq ekspertlərin iştirakı ilə iş aparılır. ICT News Elektron xəbər xidmətinə bu barədə ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyinin (DƏM) rəis müavini Məhərrəm Məhərov məlumat verib.
Onun sözlərinə görə, bu işlər Dünya Bankının dəstəyi ilə “Dövlət Əmək Müfəttişliyinin xidmət potensialının gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilir. Layihədə iş yerlərində əməyin təhlükəsizliyi və sağlamlaşdırılması tədbirləri ilə yanaşı, müfəttişlərin davranış qaydaları da əks olunacaq.
M.Məhərov yaxın günlərdə ƏƏCMN, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında saziş imzalanacağını da deyib.
Saziş iş yerlərində əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə birgə tədbirlərin aparılmasını nəzərdə tutur. Bu işlər “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”na əsasən həyata keçirilir.
Eyni zamanda, 2012-2013-cü illər ərzində sözügedən qurumlarla yanaşı, Nazirlər Kabineti, Fövqəladə Hallar Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi “Əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiya”nın hazırlanmasında iştirak etməlidirlər.
25/01/12 Çap et