Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
MDB ölkələri arasında e-audit sisteminin qurulmasına ilk başlayan Azərbaycan bir daha liderliyini nümayiş etdirib
Azərbaycan MDB ölkələri məkanında vergi sisteminin modernləşdirilməsi sahəsində lider olduğunu ilk olaraq e-audit sisteminin qurulmasına başlaması ilə nümayiş etdirib.
Belə ki, Vergilər Nazirliyi vergi ödəyiciləri ilə əməkdaşlıq, inam və qarşılıqlı məsuliyyət platformasında elektron əlaqələrin qurulmasını ehtiva edən növbəti strateji əhəmiyyətli layihənin tətbiqinə başlayıb.
Hal-hazırda Vergilər Nazirliyi elektron hökumətin əsas komponentlərindən biri olan və dövlət-biznes arasındakı e-əlaqələrin qurulmasında vacib rol oynayan, vergi nəzarətinə yeni intellektual potensial və güc verən kompyuter əsaslı, e-auditin tətbiqi üzrə Avropa İttifaqının "Tvinninq" layihəsini həyata keçirir.
"İCT News" elektron xəbər xidmətinə bu barədə məlumat verən vergilər nazirinin müşaviri Asəf Əsədov bildirib ki, layihənin reallaşdırılması Azərbaycanda vergi audit sahəsində inzibatcılığın ən yüksək beynəlxalq standartlara uyğunlaşdırılmasını nəzərdə tutur: "Tvinninq layihəsinin tətbiqi ilə bağlı, e-audit üzrə müfəssəl hüquqi bazanın yaradılması məqsədilə Vergi Məcəlləsinə müvafiq maddələrin əlavə edilməsi tələb olunur.
Artıq beynəlxalq təcrübəyə əsaslanaraq layihə hazırlanıb və növbəti ayda aidiyyəti dövlət orqanlarına təqdim ediləcək. E-audit texnologiyasının əsasını təşkil edən ən müasir proqram təminatı artıq alınıb, ona dəstək verən bilik bazasının, informasiya sistemlərinin yaradılması və nazirliyin kompyuter sistemlərinə integrasiya edilməsi üzrə layihə hazırlanıb".
Bundan başqa, nazirlik tərəfindən e-auditin tədrisi məqsədilə xüsusi videomaterialların arxivi və e-kitabxana yaradılıb. Növbəti aydan Vergilər Nazirliyinin ilk 10 nəfər auditoru üçün çoxpilləli və uzunmüddətli treninqlər təşkil olunacaq: "Bu treninqlər Niderland Krallığının ekspertlərinin dəstəyi ilə ingilis dilində həyata keçiriləcək.
Treninqlərdən sonra e-audit texnologiyasının praktiki tətbiqi məqsədilə bir sıra seçilmiş iri və orta müəssisələrdə sınaqlar həyata keçiriləcək, e-audit üzrə metodologiya dəqiqləşdiriləcək və bundan sonra treninqlər yeni 50 nəfər auditor üçün davam etdiriləcək".
26/01/12 Çap et