Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
BMT İP Azərbaycanın sığorta-pensiya sistemində İKT-nin tətbiqini yüksək qiymətləndirib
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) “Avropa və Mərkəzi Asiya ölkələrinin uğurlu layihə nümunələri” adlı xüsusi dərgisi işıq üzü görüb. Nyu Yorkda nəşr edilən jurnalda Azərbaycanda son illərdə əhalinin sosial müdafiəsi sahəsində görülən işlərə geniş yer ayrılıb.
Belə ki, “Azərbaycan: 21-ci əsrin pensiya sistemi” başlıqlı məqalədə ölkəmizin sığorta-pensiya sistemində həyata keşirilən islahatlar ətraflı şərh edilib və qazanılan müvəffəqiyyətlər qeyd olunub.
Jurnalda Azərbaycanın sığorta-pensiya sistemində informasiya kommunikasiya texnologiyalarının tətbiqi baxımından irəlilədiyi, şəffaf bir sistemin qurulduğu önə çəkilib və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa müsabiqəsində “İnformasiya kommunikasiya texnologiyalarının tətbiq olunması vasitəsilə effektiv idarəetmə” nominasiyasında müsabiqənin qalibi olduğu xatırladılıb.
“ICTnews” Elektron xəbər xidmətinə bu barədə İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev məlumat verib: ”Məlumatda bildirilib ki, bir neçə il əvvəl Azərbaycan bir sıra dövlətlərin pensiya islahatlarına nəzər yetirirdisə, artıq bu gün Azərbaycan özü sığorta-pensiya sahəsində əksər ölkələr üçün nümunə hesab olunur.
Nəşrdə Azərbaycanın son illər iqtisadi baxımdan daha da gücləndiyi əksini tapıb, hökumətin əhalinin aztəminatlı təbəqəsinin dövlətin etibarlı sosial müdafiəsi ilə təmin edilməsi istiqamətində mühüm islahatlar həyata keçirdiyi göstərilib”.
Məqalədə Azərbaycanda qurulan müasir və beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya sisteminin pensiyaların əhəmiyyətli dərəcədə artımına gətirib çıxarmasından, ölkəmizin pensiyaların məbləğinə görə MDB ölkələri arasında öncül yerdə qərarlaşmasından bəhs olunub.
Sonda vurğulanır ki, bu gün Azərbaycan hökuməti ölkənin iqtisadiyyatını möhkəm inkişaf yoluna qoymaqla yanaşı, yoxsulluğun səviyyəsini azaltmaq istiqamətində önəmli işlər görüb, aztəminatlı əhalinin davamlı qayğı ilə əhatə olunmasını təmin edib.
27/01/12 Çap et