Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ölkəmiz sosial şəbəkə istifadəçilərinin sayına görə MDB-də ön sıradadır


Azərbaycanda "Facebook" sosial şəbəkəsi istifadəçilərinin sayı 700 mini  ötüb. Ötən il dekabrın 17-dən yanvarın 25-dək sosial şəbəkənin azərbaycanlı istifadəçilərinin sayı 100 mindən çox artıb.  

"Facebakers"in hesabatında bildirilir ki, "Facebook" seqmenti daxil olma reytinqində 87-ci yerdədir ki, bu da 2011-ci ilin dekabrı ilə müqayisədə 4 bənd aşağıdır. Sosial şəbəkənin istifadəçilərinin sayı Azərbaycan əhalisinin 8,46 faizini təşkil edir.

Bu göstərici Azərbaycanda internet istifadəçilərinin ümumi sayının 19,04 faizini təşkil etmişdir. Ümumi istifadəçilərin sayı arasında kişilər 64 faiz, qadınlar isə 36 faiz təşkil edir. Say baxımından ilk yeri 18-24 yaşlı (47 faiz), ikinci yeri 25-34 yaşlı (23 faiz), üçüncü yeri isə 16-17 yaşlı (12 faiz) istifadəçilər tutur.

Sosial şəbəkənin istifadəçilərinin sayına görə Azərbaycan MDB-nin Qazaxıstan (362 min 640 istifadəçi), Belarus (354 min  520), Ermənistan (242 min 140), Moldova (231 min 40), Özbəkistan (106 min 80), Qırğızıstan (64 min 740), Tacikistan (24 min 800) və Türkmənistan (12 min 60) kimi ölkələrini qabaqlayır.

"Facebakers"in məlumatına görə, ölkələrin ilk beşliyinə ABŞ, İndoneziya, Hindistan, Braziliya və Meksika daxildir. "Facebook" istifadəçilərinin ümumi sayı 762 milyon nəfərdən çoxdur.

"Facebook" şəbəkəsi 2004-cü il fevralın 4-də fəaliyyətə başlamışdır. Hazırda şəbəkənin xidmətləri 60 dildə, o cümlədən  Azərbaycan dilində göstərilir.





27/01/12    Çap et