Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” korporasiyasının bütün servisləri üçün vahid qaydalar müəyyənləşib


Bu il martın 1-dən “Google” korporasiyasının bütün servisləri üçün vahid qaydalar qüvvəyə minəcək. Belə ki, “Google” korporasiyasının bütün məhsulları bu vaxta qədər ayrı istifadə qaydaları və təhlükəsizlik siyasətinə malik olublar. Bu isə, şirkətin 60-dan artıq müxtəlif sənədlə işləməsi ilə nəticələnib.

Belə vəziyyəti aradan qaldırmaq üçün korporasiya onları ixtisar edərək birləşdirmək qərarına gəlib. Məlumatı yayan “Google” təmsilçiləri bildiriblər ki, dəyişikliklərlə bağlı yeni siyasət və şərait intuitiv interfeys yaratmaq, eləcə də istifadəçinin müxtəlif məhsullarla işləməsini asanlaşdırmaq məqsədi daşıyır.

Onlar hesab edirlər ki, korporasiyanın hansı xidmətindən istifadə etməsindən asılı olmayaraq, istifadəçinin mövcud pəncərədən birbaşa digər xidmətlərdən yararlanmaq imkanı olmalıdır: ”Məsələn, biz istəyirik ki, siz “YouTube”da videoya baxırsınızsa, eyni anda yeni pəncərə açmadan onu “Google+” və “Gmail”də dostlarınızla paylaşasınız və ya internetdə informasiya axtarışınızı davam etdirəsiniz.

Bundan başqa, əgər siz “Google” hesabına girmisinizsə, onda “Google+”, “Gmail” və “YouTube” üzrə axtarışınızın nəticələri həqiqətən də şəxsi olacaq. Sizin sorğunuz əsasında biz ümumi deyil, yalnız sizə lazım olan informasiyanı tapmağa cəhd edəcəyik”.

Yeni dəyişikliklərin bir istiqaməti də qarşılıqlı internet istifadəsi ilə bağlıdır. Belə ki, bir qayda olaraq, internetdə sənədlər hamının görməsi və istifadəsi üçün yerləşdirilir. Amma müxtəlif sənədlərə daxil olmaq üçün eyni adamlara daimi giriş imkanları onları əvvəl-axır yorur.

Buna görə də yeni qaydalara əsasən, istifadəçinin şəbəkədə informasiyanı konkret kiminlə bölüşməsinə diqqət ediləcək və “Google” mümkün səhvləri minimuma endirərək prosesi sadələşdirəcək. 

 





27/01/12    Çap et