Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yerli bank "Facebook"da məsləhətlər verəcək
"Bank Standard" QSC yeni "Facebook məsləhətxana" xidməti təqdim edir. Bankdan verilən məlumata görə, "Facebook məsləhətxana" xidməti "Facebook" şəbəkəsinin aktiv istifadəçiləri olan "Bank Standard" müştərilərinə dünyanın istənilən nöqtəsindən və istədikləri vaxt bankla əlaqə yaratmağa imkan verən rahat əlaqə kanalıdır.
Bankın www.facebook.com/BankStandard.KB səhifəsinə daxil olan müştəriyə bankla əlaqə yaratmaq üçün "Online Consultant 24/7" bölməsinə keçmək təklif olunur. Burada müştəri onu maraqlandıran sualı verə və bank əməkdaşlarından real zaman rejimində ani olaraq cavab ala bilər.
Bunun üçün elektron ünvanı qeyd edib sualı yazmaq, daha sonra isə "Göndər" düyməsini sıxmaq lazımdır. Bütün yazışma arxivləşdiriləcək və müştəri orada onu maraqlandıran məlumatla tanış ola biləcək.
"Yazışmanı bitir və transkripti poçtla al" linkinə basmaqla müştəri məsləhəti qiymətləndirmə səhifəsinə keçəcək və avtomatik olaraq yazışmanı öz poçt ünvanına alacaq. Yazışma yalnız müştəri ilə bank əməkdaşı arasında gedir və digər istifadəçilər onu görmür.
Bank müştərilərə bu yazışmaların məxfiliyinə zəmanət verir.
28/01/12 Çap et